İnsanlar hansı ayda ən çox savab qazana bilərlər? - QURUM RƏSMİSİ AÇIQLADI

“Pirqulu rəsədxanasından verilən məlumata görə, fevralın 22-si Şaban ayının 1-nə təsadüf edir. Peyğəmbərimiz buyurur ki, Şaban ayı mənə məxsusdur və Allah mənə xatir o ayın mükafatını verəcək”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, bu ayda kim oruc tutsa, Allah-Təala ona beş nəsib edər, onun günahlarını bağışlayar və bütün arzularına çatdırar: “Ona görə də Peyğəmbərimizin buyurduqlarında bildirilir ki, kim ki Rəcəb və Şaban aylarında oruc tutaraq Ramazan ayına daxil olsa Allah ona böyük mükafat verər, istədiyi duanı qəbul edər. Şaban ayı Peyğəmbərin, Ramazan ayı isə Allahın ayıdır. Biz Allahın ayına Şaban ayından qovuşuruq. Əgər Şaban ayının əvvəli, ortası və sonu oruc tutarıqsa, Allah-Təala tövbələrimizi, dualarımızı qəbul edib, günahlarımızı əfv edər. Ona görə də dinimizdə və Peyğəmbərimizin hədislərində məsləhət olunur ki, bu ayda gözəl işlər görmək, yaxşılıqlar etmək, ehsanat etmək lazımdır. Humanist dəyərlərdir ki, insanlar bu ayda bacardıqları qədər savab qazansınlar”.

Hacı Fuad Nurullayev sözlərinə davam edərək bildirib ki, bir insan Rəcəb və Şaban ayını oruc tutaraq keçirər və nəhayət Ramazan ayının sonun çatarsa, Allah-Təala onun bütün günahlarını təmizləmiş olar: “Təbii ki, dünya işlərini tərk etmək lazım deyil. Sadəcə səbrli, təmkinli, insanlarla xoşrəftar olmaq, yaxşılıqlar etmək insanlıq dəyərləridir. Ona görə də insan özündə bunları yetişdirirsə, ən kamil insanlardan sayılır. Biz əgər insan olaraq insanlıq dəyərlərə sahib olsaq, Peyğəmbərimizin buyurduğu addımları atsaq, böyük qazanca sahib olarıq. Dünyadan da əliboş getmərik. Allah-Təala bu gözəl ayda edilən duaları, tutulan orucları qəbul etsin”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə