Serbiya ilə Azərbaycan arasındakı əməkdaşlığın artıq böyük tarixi var

Azərbaycan xarici siyasətinin vacib istiqamətlərindən biri də mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Serbiya prezidenti Aleksandr Vuçiçin 21 dekabr Azərbaycan Respublikasının prezidenti ilə təkbətək görüşü və bu görüşün son görüşün üzərindən bir ay keçmədən baş tutması İlham Əliyevin uğurlu xarici siyasətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin Aleksandr Vuçiç ilə təkbətək görüşdən sonra mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi Serbiya dövləti ilə əməkdaşlığın artıq böyük tarixi var. Azərbaycanla Serbiya arasındakı əməkdaşlığın tarixinə nəzər salaq.

İki ölkə arasındakı diplomatik əməkdaşlıq 21 avqust 1997-ci ildə qurulub. Azərbaycan ilə Serbiya arasındakı siyasi dialoq hər zaman yüksək səviyyədə olub. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Serbiyay rəsmi səfəri olmuşdur. Səfər zamanı İlham Əliyev Belqradın Taşmaydan parkında ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışında iştirak etmişdir. Həmçinin həmin səfər çərçivəsində prezidentimiz Novi Sad şəhərində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin büstünün açılış mərasimində də iştirak etmişdir.

Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-nə təsadüf etmişdir. Bundan əvvəl Aleksandr Vuçiç ölkəmizə Baş nazir olaraq 2015-ci ildə səfər etmişdir. Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ölkələr arasındakı əlaqələrin genişləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb.

İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək ölkəmizlə Serbiya arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub.

Azərbaycan da öz növbəsində Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır, bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.

Azərbaycanla Serbiya arasında iqtisadi sahədə də əlaqələr mövcuddur. 2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb. Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Komissiyanın sonuncu iclası ötən ilin iyulunda Bakıda keçirilib.

Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə “AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir.

Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir. Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər. Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər. Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviçin ölkəmizə səfəri çərçivəsində 2022-ci il iyunun 1-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” imzalanıb.

Bu il oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak ediblər. Hazırda inşası davam edən Bolqarıstan-Serbiya İnterkonnektoru istismara verilərsə, Azərbaycan qazının Serbiyaya nəql edilməsi mümkün ola bilər.

İki ölkə mədəniyyət sahəsində də sıx əlaqələrə malikdir. 2018-ci il aprelin 26-da Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, mayın 22-də isə Azərbaycan Dillər Universitetində “Serb dili və Mədəniyyəti Mərkəzi” açılıb. 2020-ci ilin mayında Prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Hökuməti adından COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Serbiya Respublikasına 400 min manat dəyərində humanitar yardım göndərilmişdir Serbiya tərəfinin xahişi əsasında ötən il oktyabrın 11-də Belqradda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli tədbir keçirilib. Hərəkatın təsis konfransı da keçmiş Yuqoslaviya Federativ Sosialist Respublikasının təşəbbüsü ilə 1961-ci ildə Belqradda təşkil olunub. Serbiya bu təşkilatda müşahidəçi statusuna malikdir. Xatırladaq ki, İkinci Dünya müharibəsi zamanı Serbiyanın paytaxtı Belqrad şəhərinin azad olunmasında 223-cü Azərbaycan diviziyası da iştirak edib və “Belqrad” adını alıb.

İki ölkə arasındakı münaibətlərin 25 illiyi münasibəti ilə 2022-ci il avqustun 21-də iki ölkənin prezidentləri arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya, enerji,kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. İki ölkə arasındakı əlaqələrin tarixinə nəzər saldığımız zaman Azərbaycan və Serbiya arasındakı əlaqələrin müsbət nəticələr doğurduğunu və doğurmağa da davam etdiyini görürürük.

Gülmayə Ağacanova

Xəzər rayonu, 216 nömrəli məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə