Müdrik xalqımızın özünə xas xüsusiyyətləri, zəngin tarixi, milli adət - ənənələri vardır. Bunlardan biri də milli, əziz bayramımız olan, dostluğa, həmrəyliyə, birliyə xidmət edən, yazın gəlişini təcəssüm etdirən - Novruz bayramıdır. Bu bayram təkcə Azərbaycanda deyil, bütün Şərqdə böyük ruh yüksəkliyi ilə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21- i “Beynəlxalq Novruz Günü” elan olunmuşdur.
Vətən müharibəsindəki tarixi Qələbədən sonra Azərbaycan xalqı Novruz bayramını artıq beşinci ildir ki, böyük fərəh hissi, sevinclə işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda da qeyd edir. Ulu Öndər Heydər Əliyev hələ illər öncə, torpaqlarımız işğal altında olanda böyük uzaqgörənlik və müdrikliklə vurğulamışdır ki: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”
Bəli, bu gün Ulu Öndərimizin ilahi arzuları günbəgün həyata keçir, onun ideyaları yaşayır və qalib gəlir. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həm də, 44 günlük Vətən müharibəsindəki Möhtəşəm Zəfərlə 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi.
Bəli, bu gün dünyadakı bütün azərbaycanlılar qürurla yaşayır və fəxr edirlər ki, Azərbaycan tarixi ədaləti özü bərpa etdi, torpaqlarımızı işğalçılardan özü azad etdi, öz gücünü, qüdrətini, mübarizliyini, əzmkarlığını bütün dünyaya göstərdi. Odur ki, bu Novruz bayramı müstəqil, suveren, ərazi bütövlüyü təmin edilmiş Azərbaycanımızın bütün ərazisində böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd olunur. Bəli, tarixin ağır sınaqlarından çıxmış Qalib Xalqımıza ancaq və ancaq xoş günlər, bayramlar, qələbələr, zəfərlər yaraşır.
Milli bayramımız olan Novruz bayramının həm də özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi vardır. Xalqımız Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə dörd bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə İlaxır çərşənbəsi olan - Torpaq çərşənbəsi adlanır.
Saflıq, təmizlik, həmrəylik, barışıq bayramı olan Novruz bayramında həm də təbiət oyanır, ağaclar çiçəkləyir, baharın müjdəsini xəbər verən bənövşə, nərgiz, novruz gülü açır, yazın ətri duyulur, küsülülər barışır. Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət - ənənələrini özündə əks etdirən bir milli bayramdır.
“Papaq atmaq”, “tonqaldan tullanmaq”, “qulaq falı”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və s. kimi qədim və məşhur adətlər ancaq və ancaq xalqımıza xas olan adətlərdir, xüsusiyyətlərdir.
Xalqımızın qədim adət - ənənələrini, zəngin tarixini, folklorunu əks etdirən, məşhur pəhləvanların, kəndirbazların məharətini, gücünü nümayiş etdirən, baharın simvolu olan Kosa və Keçəlin iştirakı ilə komik tamaşalardan bəhs edən Novruz bayramı haqqında bir çox filmlər də çəkilmişdir.
Hər il milli, əziz bayramımız olan Novruz bayramı ərəfəsində dünyanın hər yerindən bu bayramı qeyd etmək, canlı şəkildə izləmək üçün respublikamıza minlərlə qonaqlar, turistlər gəlir. Onlar böyük ruh yüksəkliyi ilə bayram tədbirlərində iştirak edir, milli mətbəximizlə tanış olur, milli şirniyyatlarımıza qonaq edilir, bununla da müdrik xalqımızın necə də zəngin bir tarixə, folklora malik olmasını, dünyada ən sülhsevər, qonaqpərvər, tolerant bir xalq olduğunun bir daha əyani şahidi olurlar. Bu il milli, əziz bayramımız olan Novruz bayramı həm də Müqəddəs Ramazan günlərinə təsadüf edir. Odur ki, bayramın bayrama qovuşduğu bu günlərdə müdrik xalqımızın bayramını təbrik edir və həmişə bayram əhval ruhiyyəsi arzulayırıq !
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə