"Ədalətli sülhdən danışırıqsa..." - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan prezidenti İlham Əliyevin Şuşanın azad edilməsinin ikinci ildönümü ilə bağlı Şuşa şəhərində söylədiyi nitq zamanı “sülh olmalıdır, amma ədalətli sülh olmalıdır” - fikri irəli sürülən şərtlərlə bağlı məsələləri ifadə edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, burada bir necə prinsipə söykənərək prezidentimiz “ədalətli sülh" ifadəsini işlətdi: "İlk öncə ədalətli sülh deyərkən Azərbaycanın maraqlarının nəzərə alınmasıdır. Bu gün Azərbaycan Ermənistanla Qarabağda yaşayan ermənilər arasında daimi təmasın olması üçün dəhliz vermişdir. Eyni zamanda, burada Azərbaycan və Naxçıvanla da kommunikasiyaların açılması üçün addımlar atılmalıdır. Necə ki, Qarabağdakı ermənilərlə Ermənistandakı ermənilərin əlaqələrin olması üçün onlara dəhliz verilmişdi. Həmin prinsip Azərbaycana və Naxçıvana da aiddir. Onlar arasında iki torpaq arasında əlaqə qurulmalıdır. Bu sülhün tərkib hissələrindən biridir. Digər tərəfdən AXC qurularkən Paris sülh konfransında bizim ərazilərimiz açıq və aydın şəkildə göstərilmişdi və bütün ərazilərimiz Azərbaycanın və azərbaycanlıların fikirləri nəzərə alınmadan SSRİ rəhbərliyi ilə həmin ərazilər Azərbaycandan qoparılaraq Ermənistana verilmişdi. Burada da ədalətsizliklər olmuşdu. Bu ədalətsizliklər düzəldilməlidir. Necə ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır".

Samir Hümbətov bildirib ki, eyni prinsipə Ermənistanda əməl etməlidir: "Bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Eyni zamanda, Ermənistan Azərbaycana qarşı aqresiv yanaşmayacağı ilə bağlı təminat verməlidir. Düşünürəm ki, prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də bu gün Ermənistan bəyan edir ki, guya Azərbaycanda qalan erməni əsirləri var. Amma Azərbaycanın 4 minə yaxın itkin düşən hərbi qulluqcuları barədə məlumat yoxdur. Bununla bağlı Azərbaycana məlumat verilməyib. Sülh istəyirlərsə azərbaycanlı əsirlərin barəsində məlumat verməlidirlər. Bu zaman sülh də əldə edilə bilər. Düşünürəm ki, Azərbaycan prezidenti İlham Əliyev beş maddəlik bəndi xatırlatmaqla ədalətli sülh ifadəsini tam şəkildə açıqlamış oldu. Hesab edirəm ki, Ermənistan xoş niyyətli olarsa, Azərbaycan da eyni adekvat addımı atacaq. Praktik addımlardan sonra bir -birinə hörmət prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalanacaq. Ədalətili sülhdən danışırıqsa, Ermənistan ərazisindən deportasiya edilən azərbaycanlılarda doğma yurdlarına qayıtmalıdırlar".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə