"Prezident Qoşulmama Hərəkatının fəaliyyətinə yüksək qiymət verib" - DEPUTAT ŞƏRH ETDİ

"Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının artıq 60 illiyi qeyd olunub. Oktyabrın 11-də Zirvə toplantısı keçirilib və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev bu tədbirdə çıxış edərək Qoşulmama Hərəkatının fəaliyyətindən, keçdiyi yoldan və əhəmiyyətindən danışıb. Qoşulmama Hərəkatı 1961-ci ildə İndoneziyanın Bandunq şəhərində yaranmışdır və Banduq prinsipləri deyilən əsas prinsiplər bu təşkilatın fəaliyyət istiqamətini müəyyənləşdirib. Bu prinsiplər ərazi bütövlüyünə hörmət, bir-birinin suverenliyini tanımaq, təcavüzə qarşı qorumaq və bir-birinə təcavüz etməmək, hər hansı bir dövlətə qarşı hərbi blokda birləşməmək və ölkələrin inkişafına daimi yardım göstərmək kimi humanist prinsiplərdir". Bunu SİA-ya millət vəkili Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan 2011-ci ildən bu təşkilatın üzvüdür və bu il təşkilatda fəaliyyət göstərməsinin 10 ilidir: "Azərbaycan 3 ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir və gələn il də Azərbaycan bu Hərəkata sədrlik edəcək. Cənab İlham Əliyevin Belqrad konfransında söylədiyi kimi Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi zaman Banduq prinsiplərinin həyata keçirilməsi üçün hər cür imkanlardan istifadə etmişdir. Cənab Prezident çox haqlı olaraq bildirdi ki, əgər Bandunq prinsiplərinə bütün dünya ölkələri əməl etsəydi dünyada heç bir müharibə olmazdı, münaqişə olmazdı, təcavüz olmazdı. Eyni zamanda cənab Prezident çıxışı zamanı son illərin ən mühüm qlobal problemi olan pandemiya problemindən bəhs etmiş, koronavirus pandemiyasının aradan qaldırılması üçün bütün dünya səylərinin birləşdirilməsini bir fikir olaraq irəli sürmüşdü.

Digər tərəfdən vaksin milliyyətçiliyi deyilən ayrı-seçkiliyi də pisləmiş və imkanlı dövlətlərin, inkişaf etmiş dövlətlərin vaksinlərinin çoxunu hətta özlərinə lazım olandan artıq dozada almasınını səhv olduğunu qeyd etmiş, kasıb, az inkişaf etmiş ölkələrin xalqlarını çətin vəziyyətdə qoyduqlarını bildirmişdir. Ümumiyyətlə cənab Prezident Qoşulmama Hərəkatının fəaliyyətinə yüksək qiymət vermiş və Azərbaycanın bundan sonrakı sədrliyi dövründə də Qoşulmama Hərəkatına töhfə verəcəyini söyləmişdir. Bununla yanaşı cənab Prezident ötən ilki vətən müharibəsində Azərbaycanın qələbəsinə də toxunmuş Azərbaycanın 30 ilə yaxın təcavüzə məruz qaldığını qeyd etmiş, BMT-nin qəbul etdiyi qərarların və digər beynəlxalq təşkilatların qərarlarının indiyə qədər icra olunmadığını söyləmiş və Azərbaycanın öz gücü ilə hərbi-siyasi yolla bu qərarı verdiyini vurğulamışdır. Cənab Prezidentin də söylədiyi kimi Qoşulmama Hərəkatının üzvləri bundan sonra da dünyada sülhün, həmrəyliyin, suverenliyin, ərazi bütövlüyünün qorunmasında öz töhfəsini verəcəkdir. Bütövlükdə isə Qoşulmama Hərəkatına hal-hazırda 120 dövlət daxildir, 17 dövlət isə Qoşulmama Hərəkatında müşahidəçi statusunda iştirak edir".

Bütün xəbərlər Facebook səhifəmizdə