Rəssamlıq Akademiyasında “Açıq qapılar” günləri keçirilib - FOTOLAR

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ DUY” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) festivalı çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasında “Açıq qapılar” günləri keçirilib. SİA xəbər verir ki, “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Bədii toxuculuq” və “Keramika” emalatxanalarında aparılan dərs prosesi gələn qonaqların böyük marağına səbəb olub. Qonaqlar qeyd olunan ixtisasların bədii-estetik cəhətlərinə və fərqliliyinə böyük maraq və heyranlıqla tamaşa ediblər.

Rəngkarlıq ixtisasında gələcək rəssamların plastik poza nümayişləri, natürmort üzərində iş prosesləri qonaqlarda xüsusi təəssürat yaradıb. Heykəltəraşlıq emalatxanasında tələbələrin insan portreti və fiqurlarının yaradılma mərhələlərini izləyən ziyarətçilər adi palçıq, plastilin, gil və daş parçasından sənət əsərinin formalaşmasını böyük maraqla müşahidə ediblər.

Qrafika ixtisasında aparılan dərs prosesi də qonaqların marağına səbəb olub. Tələbələrin müxtəlif texniki üsullarla işlədiyi işlər, eləcə də kağız, ağac, metal və daş üzərində hazırlanmış rəsmlər və qravüralar böyük maraq doğurub.

Azərbaycanın qədim və yaşadılan sənəti olan bədii xalçaçılıq, eləcə də bütün dünyada geniş yayılmış qobelen sənəti də ziyarətçilərin diqqət mərkəzində olub.

Qonaqlar tələbələrin bir xalça və ya qobelenin hazırlanma prosesini mərhələ-mərhələ izləyiblər. Keramika emalatxanasında isə tələbələrin iş prosesi və yaradıcı yanaşmaları qonaqlarda xoş təəssürat oyadıb.

Gələn qonaqların əksəriyyətinin məktəblilər və yeniyetmələrdən ibarət olması onların bu ixtisaslara olan maraq və həvəsinin göstəricisidir.

“Açıq qapılar” günləri gənc nəsildə incəsənət sevgisinin, yaradıcılıq düşüncəsinin və estetik zövqün formalaşmasına töhfə verən əlamətdar hadisə kimi yadda qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə