Təqvimə fəxarətlə yazılan tarixlər - TƏHLİL

Xalqın tarixində yaşanan ictimai-siyasi hadisələrin, baş verən əlamətdar günlərin, zəfərlərin ildönüm günləri mövcuddur və əlbəttə ki, bu günlərin təqvimdə əbədiləşməsi, qeyd olunması vacibdir. Həmin əlamətdar hadisələrin təqvimdə qeyd edilməsi, əbədiləşdirilməsi ilə yanaşı, təqvimdə doğru-düzgün adlandırılması da mütləq şərtdir.

Bu zamana qədər “Respublika Günü” kimi qeyd edilən 28 may tarixinin bundan sonra “Müstəqillik Günü” kimi adlandırılması, eləcə də 18 oktyabr tarixinin “Müstəqilliyin Bərpası Günü” kimi təqvimdə yer alması həqiqətən də çox doğru addımdır. Qeyd edildiyi kimi, bu, tarixlərin təqvimdə doğru-düzgün adlandırılması deməkdir. Hər iki tarixin təqvimdə düzgün adlandırılması siyasi prosesi necə təqvimləşdirmək məsələsində məntiqli qərar verilməsi kimi dəyərləndirilməlidir.

Tarixə ekskursiya etsək, bir sıra məsələlərin təhlilini aparsaq görərik ki, qeyd olunan tarixi günün adının dəyişdirilməsi və eləcə də müstəqilliyin bərpa edilməsi ilə bağlı tarixin təqvimdə qeyd olunması çox məntiqidir. Hamımız bilirik ki, Azərbaycan xalqının müstəqillik arzusu XX əsrin sonu yaranmayıb. Əksinə, belə bir arzunun ilk baş qaldırdığı dövr əsrin əvvəllərinə təsadüf edir. Həmin zamanlarda doğma Azərbaycanımızı siyasi meydanda imperiyanın caynağından qoparmaq istəyən, buna nail olan və məhz bu fəaliyyətlərinə görə xalqın hörmətlə yad etdiyi fədakar ziyalılarımızın səyləri, mübarizəsi sayəsində xalqımızın bu müqəddəs arzusu gerçəkləşdi, ölkəmiz öz müstəqilliyini 1918-ci ildə qazandı. Həmin il 28 may tarixində “İstiqlal Bəyannaməsi” imzalandı, Azərbaycan müstəqilliyini dünyaya bəyan etdi, Azərbaycanın ilk parlamenti, hökuməti formalaşdı, dövlət atributları təsis olundu, sərhədləri müəyyənləşdi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı.

Maraqlı bir sual ortaya çıxır ki, 28 may tarixində “İstiqlal Bəyannaməsi” imzalanması günü niyə “Respublika Günü” kimi qeyd edilməlidir? Bu tarixdə ölkəmiz, məsələn, respublika idarə üsuluna keçməmişdi ki, bu gün “Respublika Günü” kimi qeyd edilsin. Axı imzalanan “İstiqlal Bəyannaməsi” ilə müstəqillik əldə edildi və bu gün məhz “Müstəqillik Günü” kimi təqvimdə qeyd olunmalı idi. Sevindirici haldır ki, artıq bundan sonra həmin tarix məhz doğru-düzgün şəkildə, yəni “Müstəqillik Günü” olaraq təqvimə yazılır. Elə ona görə də bu tarixin təqvimdə “Müstəqillik Günü” kimi qeyd olunması, bir az öncə vurğulandığı kimi, məhz məntiqi yanaşma, məntiqi addımdır deməkdə hər kəs haqlıdır.

Bəzən bu tarixin “Respublika Günü” deyil, “Müstəqillik Günü” kimi adlandırılmasına görə narazı fikirli olan insanlara də rast gəlinə bilər və görünür, həmin fikirərə sahib olan insanların maariflənməsinə, onlara doğru-düzgün məlumatların çatdırılmasına, məntiqi yanaşmanın hansı olduğunun izah edilməsinə ehtiyac duyulur. Məsələ burasındadır ki, bəziləri bu tarixin, “Respublika Günü” tarixinin indi “Müstəqillik Günü” kimi qeyd edilməsi ilə ölkənin respublika idarə üsulundan imtina etməsi kimi qəbul edir, yaxud elə başa düşür və bununla da yanlışılığa yol verir. Heç də Azərbaycan respublika idarə üsulundan imtina etmir və “Respublika Günü” tarixinin indi “Müstəqillik Günü” olaraq təqvimdə qeyd olunması heç də onların düşündüyü demək deyil. Bu baxımdan, hansısa təlaş keçirməyə qəti şəkildə lüzum yoxdur və bir sözlə, təlaşlanmağa dəyməz.

Məsələ burasındadır ki, ötən əsrin əvvəlində “İstiqlal Bəyannaməsi” imzalayan, müstəqillik əldə edən dövlətimiz cəmi 23 aydan sonra yenə də Rusiya imperiyasının təsiri altına düşməli oldu. Yenicə müstəqilliyini elan edən, kövrək addımlarını atan Azərbaycan imperialist siyasətə davam gətirə bilmədi və məhz bu siyasətin də qurbanına çevrildi. Bunun ardınca da düz 70 il müddətində Sovet imperiyası müstəqillilk meyillərinin yaranmasına belə imkan vermədi, bu ideyaları daşıyan insanların ideyalarını belə yerində boğdu. Müstəqillik barədə düşünmək istəyində belə olan insanlar repressiyalara məruz qaldı, Sibirə sürgün edildi və bir sözlə, 70 il müddətində müstəqilliyi bərpa etmək mümkün olmadı.

Ötən əsrin sonlarında tarix Azərbaycan xalqına öz müstəqilliyini bir daha qazanmaq fürsəti verdi. Azərbaycan öz müstəqilliyini 1991-ci ilin oktyabrında təkrar əldə etdi. Daha dəqiq desək, Azərbaycan əslində öz müstəqilliyini 1991-ci ildə bərpa edə bildi. Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlanan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr 4 gün sürdü. Bir neçə gün davam edən müzakirələrin ardınca nəhayət, 1991-ci il oktyabrın 18-də tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Yəni, qısa şəkildə desək, müstəqillik bərpa olundu. Bunun ardınca dövlət müstəqilliyimizi dünyada ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə, sonra 11 dekabrda Rumıniya, 13 dekabrda Pakistan, 23 dekabrda İsveçrə, 25 dekabrda İran, 23 yanvarda ABŞ, 10 apreldə Rusiya və başqa dövlətlər tanıdı. Artıq 2 mart 1992-ci il tarixində Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.

İndi tarixi faktları bir-biri ilə uzlaşdırsaq, daha dəqiq və məntiqi nəticəni hasil edə bilərik. Beləliklə, əsrin əvvəlində və sonunda baş verən bu iki tarixi hadisə arasında diqqət çəkəcək bir fərq var. Əvvəla, ilk müstəqillik tarixi 1918-ci ildən başlayır və biz uzun illərdir 28 mayı “Müstəqillik Günü” kimi deyil, “Respublika Günü” kimi qeyd edirik. Əslində isə, “İstiqlal Bəyannaməsi”nin imzalandığı tarixin doğru adı “Müstəqillik Günü” olmalı idi. İndi biz məhz buna nail olduq və artıq düzgün və məntiqi şəkildə adlandırırıq. Digər tərəfdən, 1991-ci ildə isə biz müstəqilliyimizi ilk dəfə qazanmadıq. Qeyd etdiyimiz kimi, bizim fədakar ziyalılarımızın səyi və mübarizəsi sayəsində 1918-ci ildə müstəqilliyimizi qazanmışdıq. İndi biz bu müstəqilliyi bərpa etdik. XX əsrin sonundakı mübariz nəsil, mübariz və vətənpərvər insanlar sələflərinin idealını başa çatdırdı və müstəqilliyimiz bərpa edildi.
Maraqlıdır, əgər müstəqilliyimiz 18 oktyabr tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildisə, bu tarix “Müstəqillik Günü” kimi xalqımızın tarixinə, təqviminə yazılmamalıdırmı? Əlbəttə ki, yazılmalıdır. Özü də qırmızı hərflərlə, bir də fəxarətlə. Ona görə fəxarətlə yazılmalıdır ki, 70 il müddətində bu xalqı əzməyə, sındırmağa, milli dəyərlərini, dövlətçilik ənənələrini, müstəqillik ideyalarını boğmağa çalışanlar xalqın əzmi, iradəsi və fədakarlığı sayəsində buna nail ola bilmədi. Bu, həqiqətən də fəxarət hissi doğurur və xalqın bu günü, 18 oktyabr tarixini qürurla qeyd etməyə, sözün əsl mənasında, haqqı var.

Əlbəttə ki, müstəqilliyin bərpası, onun bir də qorunub saxlanması, əldən verilməməsi heç də asan başa gəlmədi. O zaman, daha dəqiq desək, 1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi təkrarən yarandı. Lakin böyük siyasi xadim Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycanın müstəqilliyi möhkəm təməl üzərinə qoyuldu. Müstəqilliyimizin dayaqları möhkəmləndirildi və bu müqəddəs işdə Ümummilli Liderin misilsiz xidmətləri danılmazdır. Xalqın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi yol xəritəsi, strategiya və bu yolun layiqli davamçısı cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, düşünülmüş siyasəti, liderlik keyfiyyətləri və rəhbərliyi sayəsində bu günə kimi ölkəmizin müstəqilliyi ciddi şəkildə qorunur və Azərbaycan heç bir ölkənin təsir dairəsinə düşmədən, müstəqil şəkildə siyasət yürüdür, suverenliyini, ərazi bütövlüyünü qoruyur, öz inkişafı istiqamətində uğurlu addımlar atır.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu günü tamam fərqli ab-havada, atmosferdə qeyd edir. Bu günü öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq olaraq qeyd edən xalqımızın indi qürur hissi keçirməyə daha çox haqqı çatır. Çünki Azərbaycan artıq müstəqilliyini də bərpa edib, ardınca bu müstəqilliyi möhkəmləndirib də, üstəlik, 30 ilə yaxın işğal altında saxlanılan, viran qoyulan torpaqlarını da geri qaytarıb, işğaldan azad edib, ərazi bütövlüyünü bərpa edib. Azərbaycan müstəqilliyinin bərpa edilməsinin 30-cu ilini artıq torpaqlarını işğaldan azad edən ölkə olaraq qeyd edirsə, bu hadisə daha əlamətdar hesab olunmalıdır.

Bəli, tarixi hadisələrin düzgün tətbiqinin əsl zamanıdır. Təqvimdə 28 may tarixi “Müstəqillik Günü”, 18 oktyabr tarixi isə “Müstəqilliyin Bərpası Günü” kimi yenilənməli, bu da təsbit olunmalıdır. Bu, birmənalı olaraq Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar edilməsi faktına əsaslanır və bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə