"Belə sərt tədbirlər görülməlidir ki..." POLİTOLOQ DANIŞDI

"Rus qoşunlarının nəzarət etdiyi Qarabağ ərazisində İran dövlət nömrə nişanlı maşınların görsənməsi əslində iki ölkə arasındakı qarşılıqlı əlaqələrə ziyan vurmaqla yanaşı, həm də regionda qeyri-sabitliyin daha da artmasına səbəb olur. İranın niyə belə etməsi, Rusyanın niyə belə addım atdığı hamıya məlumdur. Çünki Azərbaycan 30 il ərzində mövcud olan "status-kvo"nu dağıtdı. Artıq ərazilər işğaldan azad edilib. Azad edilən ərazilər içərisində İranla sərhəd bölgələr də var. Bildiyimiz kimi, 30 il İranla sərhəd regionlar xüsusilə də, Füzuli, Qubadlı, Zəngilan Ermənistanın nəzarətində idi. Buna görə də, İran müxtəlif vasitələr üçün buralardan istifadə edə bilirdi. Ancaq indi İran üçün bu qapı bağlanıb. İran hazırda regionda varlığını sübut etməyə çalışır. Buna görə də, Rusiyaya aid silah-sursatların öz ərazisindən keçməklə Ermənistana, oradan isə Qarabağa daşınmasına icazə verir. Həm də özü qondarma rejimi yanacaq və müxtəlif ərzaq məhsullarla təmin edir. Məsələ burasındadır ki, İran özü iqtisadi sanksiyalarla boğulur. İqtisadi tənəzzülün tam ortasındadır. İqtisadi vəziyyət İranda olduqca ağırdır. Üstəlik bunlara baxmayaraq qondarma rejimə kömək edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Qondarma rejimə köməyin niyə məhz İrandan edildiyinə politoloq belə aydınlıq gətirib: "Bilirsiniz ki, həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstan Ermənistana silah daşınmaması üçün hava məkanını bağlayıb. Qondarma rejimə silah göndərmək imkanı ancaq İran vasitəsi ilə mümkündür. Məsələ burasındadır ki, İran bu addımı atmaqla bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Hələ bu məsələ tam dəqiq anlaşılmır. Bir tərəfdən isə İran rəsmiləri Azərbaycanla dostluq, qardaşlıq haqqında mesajlar verirlər. Təbii ki, bunlar absurd fikirlərdir. Çünki Azərbaycanla dostluq və qardaşlıq əlaqələri olan ölkə Azərbaycanın düşməni olan ölkəyə kömək etməz. Üstəlik Azərbaycana aid olan dini ibadətgahların dağıdılmasında bilavasitə iştirak etmiş bir ölkəyə, bir terrorçu quruma yardım etmək həmin ölkənin dini etiqdına yad bir hərəkətdir".

İran dövlət nişanlı tırların keçməsini heç də qeyri-adi hadisə kimi qəbul etməməliyik, deyən Samir Hümbətov: "Çünki belə hallar əvvəllər də olub. İkinci Qarabağ müharibəsindən sonra da İran dövlət nişanlı maşınların Laçın dəhlizi vasitəsi ilə keçdiyinin şahid olmuşduq, indi də oluruq", deyib.

"Mən hesab edirəm ki, Azərbaycan İrana nota verməkdə tam haqlıdır. Azərbaycan tərəfi qəti şəkildə xəbərdarlıq etməlidir ki, bir də İran dövlət nişanlı maşınlar işğaldan azad olunmuş ərazilərə icazəsiz daxil olarsa, buna qarşı reaksiya da sərt olacaq. Elə tədbirlər görülməlidir ki, bu cür addımların atılmasına bir də yol verilməsin", deyə politoloq Samir Hümbətov qeyd edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə