"Ermənistan İrandan gözlədiyi nəticəni almayacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistan Baş naziri Nikol Paşinyanın İrana səfəri ümumiyyətlə İran-Ermənistan əlaqələrinin əsasını təşkil edir. Bildiyimiz kimi bu günə qədər bir qayda olaraq Azərbaycan və Ermənistan arasında əlaqələr düşmənçilik vəziyyətində olub və bu indi də belədir. Bunun fonunda İran hökuməti Ermənistanla münasibətləri daha yaxşı və yüksək tutub. Hətta, Ermənistanın istər prezident, istərsə də, baş nazirləri fərqi yoxdur, İrana səfər etdikdə, hər zaman İranın ən yuxarı siyasi eşalonunda, hətta dini lider səviyyəsində qəbul olunub. Onlar arasında əməkdaşlıq formalaşdırılıb”. Bunları SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Paşinyan Baş nazir təyin olunandan sonra ilk səfərini İrana edib. Bu haqda politoloq bunları deyib: “Paşinyanın İrana səfəri bir adət halı alıb. Niyə məhz Paşinyan Baş nazir təyin olunandan sonra ilk səfərini İrana edir? Burada çox maraqlı nüans var. Əslində bildiyimiz kimi dövlət və hökumət başçılarının ilk təyinatından sonra səfəri çox önəmlidir. Bu simvolik xarakter daşıdığı qədər önəmli xarakter də daşıyır. Misal üçün Azərbaycan Prezidenti hər zaman ilk səfərini qardaş Türkiyəyə edir. Eləcə də Türkiyə dövlət başçısı ilk səfərini Azərbaycana edir. Bu münasibətlərin inkişaf etməsindən, daha dərin strateji münasibətlərin formalaşmasından xəbər verir. Görünür ki, Ermənistanın da bu addımı atmağında əsas səbəb nə Rusiyanı qıcıqlandırmaqdır, nə də Qərb dövlətlərini qıcıqlandırmaqdır. İlk səfərini İranla başlayıb sonra digər ölkələrə səfərini davam etdirəcək. Bu birinci mənadan, məncə, belə qəbul oluna bilər.
İkinci nüans isə təbii ki, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi məsələsi ola bilər. Çünki Ermənistanla yeganə sərhədi olan müttəfiq ölkə İrandır. Ermənistan İranla ticarət əlaqələrini inkişaf etdirir. İranın qazını və neftini alır. Bu da Ermənistan üçün olduqca əhəmiyyətlidir. Mən hesab edirəm ki, Paşinyanın İrana səfərinin əsas məqsədlərindən biri də budur. Digər tərəfdən İran baxmayaraq Azərbaycanla Ermənistan arasında münasibətlər gərgindir, Ermənistana dəstək verir. İstər ikinci Qaarabağ müharibəsində, istərsə ondan əvvəlki dövrlərdə öz dəstəyini Ermənistana göstərib. Hətta bu yaxınlarda İran səfirinin Azərbaycanla sərhəddə gəlib orada müşahidə aparması da, onu göstərir ki, İranın Ermənistana qarşı marağı böyükdür. Bu da onu göstərir ki, hazırda bölgədə Ermənistan üçün ona dəstək etməsi baxımdan əsas strateji əhəmiyyət daşıyan ölkə İrandır”.
İrana səfər zamanı Paşinyanın Qarabağ haqqında müzakirə aparacağı istisna edilmir. Samir Hümbətov bu haqda fikirlərini belə izah edib: “Qaldı ki, Qarabağ məsələsinin müzakirəsinə, təbii ki, istər Ermənistan, istərsə də Azərbaycan dövlət və hökumət başçılarının istənilən bir ölkəyə səfərində, beynəlxalq təşkilatlarla görüşlərində mütləq və mütləq Qarabağ məsələsi müzakirə olunur. Indi məsələ burasındadır ki, İran burda hansı mövqeni tutacaq. İran bizə bir söz deyir, Ermənistana bir söz deyir. Amma görünən odur ki, İran yenə də Ermənistana öz loyal münasibətini göstərəcək. Amma Paşinyan nə dərəcədə İranla aparacağı danışıqlarda uğur qazanacaq və ya o danışıqların nəticəsi nə qədər faydalı olacaq onu demək çətindir. Çünki belə götürəndə İranın Dağlıq Qarabağ məsələsinin nizamlanması və həlli prosesində hansısa ciddi addım atdığını demək olmaz. Sadəcə İran Ermənistana dəstək ola bilər və ya hansısa bir bəyanat verə bilər. Tərəfləri sülhə çağıra bilər. İranın ancaq bu addımları atmasını gözləyə bilərik. Mən hesab edirəm ki, Ermənistan İrandan gözlədiyi nəticəni almayacaq. Hətta İran onun xeyrinə də nəsə desə, heç bir xeyri olmayacaq. Hesab edirəm ki, Paşinyanın İrana səfərini əsas məqsədi iqtisadi və ticarət əlaqələri genişləndirmək olacaq. Bir də qonşuluq əlaqələrini genişləndirmək olacaq. Bundan artığını gözləmək olmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB