“Şuşa Bəyannaməsini konfederativ dövlət quruculuğu istiqamətində mühüm addım hesab edirəm” POLİTOLOQ ƏTRAFLI ŞƏRH ETDİ

15 iyun tarixində imzalanmış, Türkiyə-Azərbaycan müttəfiqliyini nəzərdə tutan Şuşa Bəyannaməsi bir çox istiqamətləri özündə əks elətdirməklə, Türkiyə-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə, daha yüksək mərhələyə qədəm qoyduğunu, həm region xalqlarına, həm regionda maraqları olan böyük dövlətlərə və ümumiyyətlə, bütünlüklə dünya ictimaiyyətinə bir daha çatdırmış, bəyan etdirmiş oldu. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq vurğulayıb ki, Şuşa Bəyannaməsini bir neçə istiqamətdə təhlil etmək lazımdır.

“Birincisi, Türkiyə və Azərbaycanın ən yüksək səviyyədə imzası ilə təsdiqlənən Şuşa Bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyinin qarantı rolunda Türkiyənin çıxış etdiyi açıq şəkildə bəyan edildi. Bu bəyannamənin ikinci mühüm istiqamətlərindən biri ondan ibarətdir ki, sənəddə açıq şəkildə bildirildi ki, Azərbaycanda ordu quruculuğu, eyni zamanda, milli təhlükəsizlik şuralarının iclasları Türkiyə ilə birgə şəkildə həyata keçiriləcək.

Üçüncü bir istiqamət ondan ibarətdir ki, Şuşa Bəyannaməsində açıq şəkildə bəyan edildi ki, bu sənəd 2021-ci ilin oktyabr ayında 100 illiyi tamam olan Qars Müqaviləsinin bir növ davamıdır. Ötən 100 il ərzində Qars Müqaviləsi Naxçıvanın təhlükəsizliyi və Naxçıvana ola biləcək təhdidlərin qarşısını necə aldısa, Şuşa Bəyannaməsi də eyni formada, eyni səviyyədə Azərbaycanın təhlükəsizliyinə, mövcudluğuna istənilən üçüncü dövlət tərəfindən baş verə biləcək təhdidlərin qarşısını alacaqdır.

Dördüncü istiqamət kimi bəyannamədə bir sıra ticarət mallarının, Türkiyə və Azərbaycan istehsalı olan bir sıra məhsulların qarşılıqlı şəkildə gömrük rüsumundan azad olunmaqla ticarət dövriyyəsinə cəlb edilməsidir. Bu razılaşma Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin qısa bir müddət ərzində ən yüksək səviyyəyə çatdırılmasına imkan verəcək çox mühüm uğurlu bir iqtisadi addımdır. Türkiyə Prezidenti cənab Ərdoğanın da qeyd etdiyi kimi, hədəf 2023-cü ilə qədər Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollar həcminə qaldırılmasıdır. Bu bəyannamədə qeyd olunan gömrük rüsumundan azad olmalar məhz ticarət dövriyyəmizin bu həddə qədər yüksəldilməsinə imkan verəcək.

Digər mühüm bir istiqamətlərdən biri, mən hesab edirəm ki, komunikasiya əlaqələrinin açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı məsələlərin öz əksini tapmasıdır. Bəyan edildi ki, bu prosesdə maraqlı olmayan istənilən qüvvənin qarşısında Azərbaycan dövləti, Azərbaycan dövlətinn gücü ilə yanaşı, həm də Türkiyə dövləti, Türkiyə dövlətinin gücü dayanacaqdır. Bu komunikasiya əlaqələrinin, xüsusilə də Zəngəzur dəhlizinin açılması nəticəsində Türkiyə ilə Azərbaycanın və Azərbaycan üzərindən Türkiyənin Orta Asiya Dövlətləri, türkdilli respublikalarla əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılacaqdır”, deyə politoloq bildirib.

Anar Əliyev qeyd edib ki, bir təhlilçi kimi Şuşa Bəyannaməsini iki dövlət, Türkiyə və Azərbaycan arasında konfederativ dövlət quruculuğu istiqamətində atılmış çox mühüm bir addım kimi qiymətləndirir.

“Hesab edirəm ki, xüsusilə hərbi və milli təhlükəsizlik məsələlərini özündə əks elətdirən və birgə fəaliyyəti, koordinasiya olunmuş fəaliyyəti özündə əks elətdirən bu sənəd Türkiyə və Azərbaycanın konfederativ dövlət olması yolunma mühüm addım olmaqla, üzləşə biləcəkləri istənilən üçüncü qüvvə tərəfindən təhdidlərə birgə, qarşılıqlı kömək və yardım əsasında, birgə iştirak və birgə mübarizənin həyata keçirilməsini nəzərdə tutur. Bu baxımdan hesab edirəm ki, çox tarixi bir sənəd imzalanıbdır. Bu sənədin imzalanması ilə bundan sonra istənilən təhdidlərə qarşı Azərbaycan dövləti, Azərbaycan xalqının gücü ilə yanaşı həm də Türkiyə dövlətinin, xalqının gücünü yanımızda hiss edəcəyik.

Mən bir məsələni də qeyd etmək istəyirəm ki, Şuşa Bəyannaməsinin imzalanması Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ərəfəsinə təsadüf etdi. Bu ərəfədə təbii ki, Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə olunması və kövrək də olsa, sülhün bərqərar olunmasında, iki dövlət arasında qarşılıqlı etimad mühitinin formalaşdırılmasında mühüm rolu, mühüm xidmətləri olan Rusiyanın regionda, xüsusilə Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsi prosesində müəyyən qədər səngimiş fəaliyyətinin daha da aktivləşməsinin şahidi olacayıq.

Dünən Moskvada Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçılarına videomüraciəti zamanı Rusiya prezidenti Vladimir Putin bir sıra məsələlər, xüsusilə, Qafqazda sülhün əldə olunmasında Rusiyanın rolu və sülhün davamlılığının təmin edilməsində bundan sonra Rusiyanın üzərinə götürdüyü öhdəliklərin və məsuliyyətin davam etdiriləcəyini vurğulayıb. Eyni zamanda həmin gün, Rusiya xarici işlər naziri ilə Azərbaycan xarici işlər naziri və Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı telefon danışıqlarının baş tutması və bu telefon danışıqları zamanı da bir sıra mühüm məsələlər, eləcə də Rusiya-Azərbaycan strateji müttəfiqliyi ilə yanaşı həm də regionda, Qafqazdakə proseslərin müzakirə edilməsi, Rusiyanın bu prosesdə sülhməramlı missiyanın həyata keçirilməsində, iki xalq arasında münasibətlərin normallaşması və sülhün davamlılığının təmin olunması istiqamətində Rusiyanın fəaliyyətinin daha da aktivləşəcəyi fikirlərinin səslənməsi, eyni zamanda məsləhətləşmələr əsasında Türkiyə və Rusiyanın Qafqaz siyasətlərini formalaşdırmaları onu deməyə imkan verir ki, regionumuzda sülhün və ədalətin, birgəyaşayışın, qarşılıqlı etimad, qarşılıqlı inam mühitinin formaşması istiqamətində bundan sonra daha aktiv fəaliyyətin, davranışların şahidi olacayıq. Hesab edirəm ki, qısa bir müddət ərzində biz Qafqazda daha dayanqlı sülhün əldə olunmasına istiqamətlənmiş Azərbaycan, Rusiya və Türkiyənin birgə, qarşılıqlı, razılaşma əsasında həyata keçirilən fəaliyyətinin iştirakşısına çevriləcəyik. Bu iddiamı Şuşa Bəyannaməsi imzalanarkən, Türkiyə Prezidenti cənab Ərdoğanın dilindən səsləndirdiyi bir məsələ ilə əsaslandırmaq istəyirəm. Ərdoğan açıq şəkildə bəyan etdi ki, Şuşa Bəyannaməsi heç bir üçüncü dövlətə qarşı imzalanmış razılaşma sənədi deyil. Ərdoğan bəyan etdi ki, biz Qafqazda fəaliyyətimizi, Qafqazda sülh prosesinin təmin olunması istiqamətindəki addımlarımızı, eyni zamanda komunikasiya layihələrinin həyat keçirilməsi istiqamətindəki fəaliyyətimizi Rusiya prezidenti Vladimir Putinlə və Rusiya tərəfi ilə məsləhətləşmələr, qarşılıqlı razılaşmalar əsasında həyata keçiririk. Bütün bunlar onu göstərir ki, Şuşa Bəyannaməsi regiona çox böyük bir iqtisadi inkişaf, stabillik, davamlı sülh gətirəcək. Mən bir tədqiqatçı kimi hesab edirəm ki, Türkiyə və Azərbaycan arasında imzalanmış bu sənəd regionda münasibətləri korlamağa çalışan, konfrontasiyanı alovlandırmağa çalışan, Ermənistanla Azərbaycan arasında əldə olunmuş atəşkəs prosesini pozmağa, 10 noyabr və 11 yanvar bəyənatlarını qüvvədən salmağa çalışan bir sıra mənfur, məkrli dairələrin planlarını puça çıxaracaq”, deyə politoloq Anar Əliyev fikirlərini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə