Aydın Həsənov: "Partiyamızın hər bir üzvü seçki strategiyasını və taktikasını başa düşməli, bu məsələdə şəxsi ambisiyalar üstün tutulmamalıdır"- Açıqlama

Sentyabr ayının 18-də Yeni Azərbaycan Partiyası 7 Noyabr 2010-cu il tarixinə təyin edilmiş parlament seçkilərində iştirak edəcək namizədlərin adını açıqladı. Siyahı müxalifət mətbuatını YAP-a qarşı hərəkətə gətirdi. Buna səbəb isə həmin siyahıda hal-hazırda YAP-ın üzvü olan bir sıra millət vəkillərinin adlarının partiyanın namizədlər siyahısında olmaması ilə bağlı idi. Belə fikirlər səsləndi ki, hazırda millət vəkil olan və qarşıdan gələn parlament seçkiləri üçün YAP-ın namizədlər siyahısında olan həmin şəxslərin xidmətlərində artıq hakim partiya maraqlı deyil. Bildirildi ki, YAP-ın üzvü olan bu şəxslərin müstəqil olaraq seçkilərə getməsi iqtidar partiyasının gücünü müəyyən qədər böləcək, necə deyərlər, çəkici bir hədəfə vura bilməyəcək və bundan müxalifət istifadə edəcək

 

Bəzi YAP-çı millət vəkillərinin də müstəqil olaraq namizədliyini verməsi iqtidar partiyasında xoş qarşılanmadı. Partiyanın sədr müavini-icra katibi Əli Əhmədov "yap.org.az" saytına müsahibəsində bu məsələ ilə bağlı fikrini bildirib. O, qeyd edib ki, namizədliyini müstəqil olaraq irəli sürən YAP-çı deputatlar barəsində bir neçə fakt var və bu bir neçə fakt YAP kimi böyük bir partiyanın seçki kampaniyasının uğurla həyata keçirilməsinin üzərinə hər hansı bir kölgə salmaq imkanına malik deyil. O, müxalifətin də bu faktlardan yapışaraq YAP-a qarşı təbliğat aparmalarının da tamamilə iflasa məhkum olduğunu bildirib: "Çünki bir neçə fakt əsasında yarım milyondan yuxarı insanın birləşdiyi YAP-ın daxili birliyinə kölgə sala biləcək hər hansı inandırıcı fikir irəli sürmək mümkün deyil. İnanıram ki, həmin bir neçə nəfər də partiyanın vahid seçki kampaniyasının uğurla həyata keçirilməsi naminə öz namizədliyini geri götürəcək".

 

Dünən YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev partiyanın namizədləri siyahısında olmayan millət vəkillərini narahat edəcək açıqlama verdi. O, xəbərdarlıq hesab edilə biləcək belə bir açıqlama verdi ki, namizədliyini irəli sürən həmin şəxslər namizədliklərini geri götürməsələr partiya sıralarından xaric olunacaq.

 

Bu gün həmin millət vəkillərindən biri Aydın Həsənov SİA-nın əməkdaşına açıqlama verərək bildirib ki, 4-cü çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatlığına namizədliyini irəli sürsə də namizədliyini geri çəkib. Seçkilərin demokratik keçirilməsini ölkədəki ictimai siyasi sabitliklə əlaqələndirən millət vəkili, ədalətli və şəffaf seçkinin cəmiyyətdə demokratik mühitin yüksək olmasından xəbər verdiyini qeyd edib.

 

A.Həsənov seçkidən-seçkiyə vətəndaşların siyasi şüurunun daha da yüksəldiyini ifadə edib: "Hər seçkidən- seçkiyə ölkəmizdə demokratik ənənələr daha da möhkəmlənib, vətəndaşların siyasi şüuru, seçki mədəniyyəti yüksəlir. Azərbaycan hakimiyyətinin demokratiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti olmasaydı demokratik seçkilərdən də söz açmaq mümkün olmazdı. Hazırda respublikamızda seçki qabağı mühit kifayət qədər demokratikliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaraddılması ilə səciyyələnir".

 

Bir sıra həmkarları kimi onun da qarşıdan gələn parlament seçkiləri millət vəkili seçilmək üçün namizədliyini vermək istədiyini deyən A.Həsənov bildirib ki, üzv olduğu və prinsiplərini daim yüksək tutduğu partiyanın məsləhətinə qulaq asaraq namizədliyini geri götürüb: "Gənc nəsil artıq YAP sıralarında özünü göstərə bilib, qabiliyyət və bacarığını nümayiş etdirə bilib. Partiyamızın hər bir üzvü seçki strategiyasını və taktikasını başa düşməli, bu məsələdə şəxsi ambisiyalar üstün tutulmamalıdır. Mən bundan sonra da sıravi bir partiya üzvü olaraq dövlətimizə və hakimiyyətimizə sadiq adam kimi ölkəmizin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...