Cümşüd Nuriyev: “BMT-də Qarabağa baxış Minsk Qrupu çərçivəsində aparılacaq danışıqlardan asılıdır” - MÖVQE

"Ötən həftə Nyu-Yorkda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyə başlaması ilə bağlı keçirilmiş iclasda prezident İlham Əliyevin Ermənistan hakimiyyətinin törətdiyi qətlləri dünya ictimaiyyətinə çatdırması təbii olaraq erməni tərəfini narahat edir". Politoloq Cümşüd Nuriyev SİA-ya açıqlamasında deyib.

C.Nuriyev qeyd edib ki, Ermənistan tərəfi bəyan edir ki, Azərbaycan rəhbərliyinin hərb bəyanatları BMT-nin hədəf və prinsipləri ilə ziddiyyət təşkil edir və Təhlükəsizlik Şurasının nüfuzuna zərbə vurur. Lakin faktlar rəsmi İrəvanın beynəlxalq hüquqa zidd getdiyini ortaya qoyur: "Tarixə nəzər yetirək. Ermənistan Azərbaycan ərazilərini işğal etdiyi zaman mülki əhaliyə və obyektlərə qarşı çoxsaylı terror hücumları təşkil edib. Azərbaycan ərazisində 373 terror aktı törədilib. Bütün bu terror aktlarının ölkəmizdə, o cümlədən də xarici ölkələrin məhkəmələri tərəfindən sübuta yetirilib ki, həmin terror aktlarının 32-si Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilib. Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistanın dövlət orqanları və Qarabağdakı separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycandakı azsaylı xalqların nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasına cəhdlər göstərilib. Axı beynəlxalq konvensiyalar və müharibə qanunları hərbi əməliyyatlar zamanı terrora əl atılmasını qadağan edir, belə hallar müharibə cinayətləri kimi tanınır".

"Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə Qarabağ münaqişəsinə dair məsələni yenidən gündəmə gətirəcəkmi" sualına cavabında politoloq bildirib ki, məsələyə baxış münaqişəyə dair Minsk qrupu çərçivəsində danışıqların necə formalaşacağından asılıdır: "Çünki, həmsədr ölkələrin hər üçü Təhlükəsizlik Şurasının daimi üzvləridir, yəni məsələ müzakirəyə çıxarılmış olsa belə, həmsədr ölkələrin vetosu ilə qarşılaşa və hər hansı sənəd qəbul edilmədən yekunlaşardı. Ancaq bu Qarabağ məsələsinin Təhlükəsizlik Şurasında ümumiyyətlə, qaldırılmayacağı mənasını vermir. Məsələn, Təhlükəsizlik Şurasının Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini boşaltmağı tələb edən dörd qətnaməsi mövcuddur. Məhz BMT Təhlükəsizlik Şurasına sədrlik etmək Azərbaycana əlavə imkan verir ki, Ermənistanın işğalına dair BMT-nin əməl olunmamış qətnamələrinin yerinə yetirilməsi məsələsini qaldırsın".

Bütün xəbərlər Facebook səhifəmizdə