Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də Almaniyaya səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm siyasi hadisədir. Bu səfər təkcə ikitərəfli diplomatik hadisə deyil, həm də regionda və Avropada formalaşan yeni siyasi-iqtisadi düzənin göstəricisi kimi qiymətləndirilə bilər. Federal Kansler Fridrix Mertsin dəvəti ilə baş tutan bu səfər Prezident İlham Əliyevə göstərilən yüksək etimadın, ölkəmizə etibarlı tərəfdaş kimi verilən dəyərin göstəricisidir. Bu səfər eyni zamanda Bakı və Berlin arasında yüksək səviyyəli dialoqun intensivliyini bir daha təsdiqləyir. Azərbaycanın ərazisinin işğalına son qoyması ilə ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra regionda yaranmış yeni siyasi reallıqlar həm ikitərəfli münasibətlər, həm Avropa İttifaqı ilə münasibətlər kontekstində, eləcə də Almaniya və Avropa İttifaqının Mərkəzi Asiya ilə intensivləşən iqtisadi ticarət əlaqələri prizmasından əməkdaşlıq və tərəfdaşlıq üçün unikal imkanlar yaradıb.
Qeyd edək ki, Bakı artıq Avropada yalnız enerji təchizatçısı kimi deyil, həm də sabitlik, nəqliyyat bağlantıları və regional balans baxımından əhəmiyyətli tərəfdaş kimi qəbul olunur. Ona görə də bu səfəri yeni reallıq ifadəsi ilə xarakterizə etməyimiz heç də təsadüfi deyil. Almaniya kimi yüksək sənaye gücü olan bir dövlət üçün etibarlı enerji mənbələri, sabit tərəfdaşlar və uzunmüddətli iqtisadi əlaqələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə bu kontekstdə həm enerji resursları, həm də Şərqlə Qərbi birləşdirən coğrafi mövqeyi ilə diqqət mərkəzinə çıxır.Həmçinin iqtisadi baxımdan da bu səfərin perspektiv imkanları və potensialı böyükdür. Almaniya texnologiya, sənaye avadanlıqları, innovasiya və investisiya baxımından Azərbaycanın ən vacib tərəfdaşlarından biri ola bilər. Azərbaycan isə Almaniya üçün yalnız enerji bazarı deyil, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində çıxış qapısı rolunu oynaya bilər. Bu baxımdan, səfər yeni biznes əlaqələri, sənaye əməkdaşlığı, logistika layihələri və texnoloji tərəfdaşlıq üçün yeni imkanlar açır. Bir sözlə bu səfər Azərbaycan-Almaniya münasibətlərində pragmatik və uzunmüddətli əməkdaşlıq mərhələsini gücləndirə bilər. Almaniya ilə münasibətlər Azərbaycanın bütövlükdə Avropa İttifaqı ilə siyasi dialoqunun dərinləşməsi baxımından da önəmlidir. Yerigəlmişkən, Berlinin Bakıya yüksək səviyyədə diqqət göstərməsi, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi oxuna bilər. Bu, həm də onu göstərir ki, Azərbaycan regional proseslərdə passiv müşahidəçi deyil, öz mövqeyi və təsir imkanları olan aktordur. Bu kontekstdən yanaşsaq, bir daha qeyd edim ki, belə səfərlər diplomatik etimadı gücləndirir, qarşılıqlı anlaşmanı artırır və gələcək əməkdaşlıq üçün institusional zəmin yaradır. Gələcək perspektivlərə gəldikdə isə, bu səfərin Azərbaycan-Almaniya münasibətlərini daha sistemli və çoxşaxəli mərhələyə daşıması gözlənilir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında əhəmiyyətli rol oynayacaq, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
İman ABDUYEV,
politoloq
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB