"Azərbaycan regionda mühüm tranzit mərkəzinə çevrilir"

"Cənab Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunda çıxışı zamanı proqram xarakterli bir neçə məqama xüsusi yer ayırdı. O cümlədən münaqişələrin həm iqtisadiyyata, həm də beynəlxalq əməkdaşlığa təsirləri, eləcə də nəqliyyat dəhlizlərinin genişlənməsi və istifadəsi baxımından yaratdığı təhlükələr barədə danışdı".

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Deputat sözlərinə belə davam edib: "Eyni zamanda vurğuladı ki, bu məsələlərdə beynəlxalq ictimaiyyət daha fəal olmalı və proseslərdə daha yaxından iştirak etməlidir.

Azərbaycan qlobal və regional nəqliyyat dəhlizlərinin inkişafına töhfə verən ölkələrdən biridir. Ölkəmiz bu layihələrdə yalnız tərəfdaş kimi deyil, həm də investor kimi çıxış edir. Bu, xüsusilə Orta Dəhliz layihəsində özünü aydın şəkildə göstərir.

Azərbaycan üzərindən daşınan yüklərin həcmi son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu proses xüsusilə cənub istiqamətindəki nəqliyyat marşrutları vasitəsilə daşımaların genişlənməsi ilə müşahidə olunur. Bu isə Azərbaycanın regionda mühüm tranzit və logistika mərkəzinə çevrildiyini göstərir.
Bununla yanaşı, beynəlxalq ictimaiyyət bu istiqamətdə daha fəal rol oynamalıdır. Xüsusilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi, beynəlxalq yükdaşımaların artırılması və bu sahədə beynəlxalq səylərin gücləndirilməsi vacibdir.
Çünki münaqişələr və geosiyasi gərginliklər qlobal iqtisadiyyata ciddi ziyan vurur və beynəlxalq ticarət əlaqələrinin sabitliyinə mənfi təsir göstərir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə