"Azərbaycanın beynəlxalq aləmdə göstərdiyi təşəbbüskar siyasət təqdirəlayiqdir" - ŞƏRH EDİLDİ

"Əsir və itkin düşmüş şəxslərin məsələsi Azərbaycanda lazımi qədər ictimailəşib. Bu gün Azərbaycan ictimaiyyəti hər iki Qarabağ müharibəsində ermənilərin təcavüzünə qarşı apardığımız mübarizədə nə qədər insanın həlak və şəhid olduğu faktları ilə yanaşı, nə qədər mülki insanın əsir və girov götürüldüyü barədə də dəqiq məlumatlara malikdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu, təbii ki, qiymətli bir nəticədir və əsir-itkin düşmüş şəxslərlə bağlı məsələ cəmiyyətimizin və dövlətimizin narahatlığının və qayğısının birləşdiyi nöqtələrdən biridir:

"Ancaq bu məsələnin geniş şəkildə beynəlmiləlləşdirilməsinə ehtiyac var və bundan sonra da olacaq. Bu nöqteyi-nəzərdən əsir və itkin düşmüş şəxslərlə bağlı Bakıda qəbul olunmuş sənədin BMT-nin rəsmi sənədi kimi yayılması əhəmiyyətlidir və heç bir halda işsiz, nəticəsiz qalmayacaq. Dünya bilməlidir ki, Azərbaycanın nə qədər insanı erməni təcavüzü nəticəsində itkin düşüb, əsir alınıb, əsirlikdə və girovluqda taleləri qeyri-müəyyən qalıb. Belə addımlar həmin hadisələrin beynəlxalq aləmdə tanıdılması baxımından çox vacibdir. Azərbaycan ümumiyyətlə əsir, itkin və girovlarla bağlı məsələyə hər zaman əsas və prioritet məsələ kimi yanaşıb. Hətta ölkəmiz BMT qarşısında bu mövzuda xüsusi təşəbbüslə çıxış edib. Bu təşəbbüs ondan ibarətdir ki, BMT hər il dünya üzrə əsir, itkin və girov düşmüş şəxslərlə bağlı illik hesabatlar hazırlasın və bunu bəşəri səviyyədə yayımlasın. Yəni, məqsəd odur ki, yalnız milli dövlətlər deyil, BMT-nin özü də ölkələr üzrə nə qədər insanın bu bəlanın qurbanı olduğunu rəsmiləşdirsin və dünyaya çatdırsın. Bu baxımdan atılan bu addım – yəni, əsir və girovlarla bağlı sənədin BMT sənədi kimi yayılması-olduqca əhəmiyyətlidir. Eyni zamanda Azərbaycanın bu istiqamətdə beynəlxalq aləmdə göstərdiyi təşəbbüskar siyasət təqdirəlayiqdir və şübhəsiz ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2025-ci il oktyabrın 9-11-də Bakı şəhərində keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunmasının mütləq nəticələri olacaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə