“2025-ci il Çin–Azərbaycan münasibətləri üçün olduqca məhsuldar bir il olmuş, davamlı irəliləyiş və zəngin nəticələrlə yadda qalmışdır. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi altında münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə yüksəlmiş və tarixdə ən yüksək səviyyəyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır".
SİA xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Azərbaycan–Çin münasibətlərinə həsr olunmuş illik mətbuat brifinqində çıxışı zamanı səsləndirib.
Səfir bildirib ki, dövlət başçılarının diplomatiyası ikitərəfli münasibətlərin inkişafında əsas hərəkətverici qüvvə rolunu oynayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Çinə etdiyi səfərlər və bu səfərlər çərçivəsində imzalanan Birgə Bəyanat və çoxsaylı əməkdaşlıq sənədləri Çin-Azərbaycan münasibətlərində yeni səhifə açıb.
Lu Mey qeyd edib ki, siyasi qarşılıqlı etimadın möhkəmlənməsi fonunda praktiki əməkdaşlıq da sürətlə genişlənir: “İqtisadi və ticarət əlaqələri dinamik inkişaf edir, ticarət dövriyyəsi ardıcıl olaraq artır və yeni rekordlara doğru irəliləyir. Çin Azərbaycanın ən böyük idxal mənbələrindən biri olaraq qalır və iki ölkə arasında investisiya, texnologiya, enerji və nəqliyyat sahələrində əməkdaşlıq dərinləşir".
Səfir xüsusilə bərpa olunan enerji, nəqliyyat-logistika və sənaye sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Çin şirkətləri Azərbaycanın yaşıl enerji strategiyasına fəal töhfə verir, külək və günəş enerjisi layihələri isə ölkənin enerji potensialının genişlənməsinə xidmət edir.
Lu Mey əlavə edib ki, Çin və Azərbaycan beynəlxalq təşkilatlar, o cümlədən BMT və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də bir-birini dəstəkləyir: “Biz çoxtərəfli platformalarda əməkdaşlığı gücləndirməyə, Qlobal Cənub ölkələrinin ümumi maraqlarını qorumağa və bəşəriyyət üçün vahid taleyə malik cəmiyyətin qurulmasına töhfə verməyə hazırıq”.
Səfir çıxışının sonunda vurğulayıb ki, mövcud dostluq və strateji tərəfdaşlıq münasibətləri gələcək illərdə də Çin-Azərbaycan əlaqələrinin daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB