"Azərbaycan Prezidentinin Misirdə keçirilən Yaxın Şərq sülh sammitinə dəvət olunması və burada iştirak etməsi ölkəmiz adına kifayət qədər uğurlu nəticə kimi qiymətləndirilməlidir. Azərbaycanın bu önəmli beynəlxalq sammitlərə dəvət alması, ölkənin beynəlxalq siyasi arenada nüfuzunun göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Onun sözlərinə görə, bu, təsadüfi deyil və uzun illər ərzində yürüdülən məqsədyönlü siyasətin məntiqi nəticəsidir: "Azərbaycanın dövlətlərarası münasibətlər sistemində diplomatik etiket qaydalarına riayət etməsi, ədalətə və beynəlxalq hüquqa hörmətlə yanaşması ilə seçilir. Məhz bu amillər Azərbaycanın etibarlı tərəfdaş, güvənli ölkə imicinin formalaşmasına gətirib çıxarıb. Belə bir şəraitdə Azərbaycanın vasitəçi ölkə kimi qəbul olunması tamamilə təbiidir və əhəmiyyətlidir. İslam ölkələri arasında həm İsraillə, həm də digər İslam dövlətləri ilə yüksək səviyyəli münasibətlərə malik olan yeganə dövlətlərdən biri məhz Azərbaycandır. Bu baxımdan, Azərbaycanın həm İsraillə, həm də müxtəlif digər dövlətlərlə eyni zamanda sağlam diplomatik əlaqələr qurması, onun xüsusilə sülh istiqamətində, Yaxın Şərqdə sülh prosesində effektiv nəticələrə nail ola biləcəyini göstərir.
Azərbaycanın Misirdə keçirilən sülh sammitində iştirakı tamamilə adekvat, əhəmiyyətli və proseslərə real töhfə verə biləcək bir addımdır. Azərbaycanla Misir arasında da yüksək səviyyəli diplomatik münasibətlər mövcuddur və bu əlaqələr getdikcə daha da inkişaf edir. Təsadüfi deyil ki, İsraillə Həmas arasında nizamlanma prosesində də Misir çox vaxt əsas vasitəçi ölkə kimi çıxış edir. Misir tərəfi Azərbaycanın bu proseslərə töhfə verə biləcəyini yüksək qiymətləndirir. Bu baxımdan istər Birləşmiş Ştatlar, istər Türkiyə, istərsə də Misir və İsrail, Azərbaycanın Yaxın Şərqdə sülh prosesində iştirakını məmnunluqla qarşılayır".
Bütün xəbərlər Facebook səhifəmizdə