“Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi müasir Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu proqram təkcə dövlət səviyyəsində deyil, eyni zamanda Azərbaycan vətəndaşlarının da diqqət mərkəzindədir. Onun əsas məqsədi işğaldan azad olunmuş ərazilərin bərpası, həmin torpaqların iqtisadi dövriyyəyə qaytarılması və orada dayanıqlı yaşayış mühitinin formalaşdırılmasıdır. Bu proses əslində, Azərbaycanın yeni inkişaf mərhələsinə keçidini və milli dirçəlişin başlanğıcını ifadə edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş bölgələrdə genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirilir. Qısa müddət ərzində həmin ərazilərdə müasir məktəblər, xəstəxanalar, uşaq bağçaları, ictimai-iaşə obyektləri, infrastruktur layihələri, magistral yollar, körpülər və tunellər inşa edilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev deyib.
Deputat bildirib ki, görülən işlər həm yerli əhali, həm də əraziyə səfər edən xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir: “Bu, Azərbaycanın sosial-iqtisadi potensialının və idarəetmə sisteminin səmərəliliyinin göstəricisidir. Hazırda Şuşa, Laçın, Füzuli, Zəngilan və Cəbrayıl kimi şəhərlərdə həyatın bərpası müşahidə olunur. İnsanlar öz doğma yurdlarına qayıdır, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur, yeni təsərrüfat və istehsal sahələri yaradılır. Dövlət tərəfindən bu ərazilərin yenidən qurulmasına və abadlaşdırılmasına 23 milyard manatdan artıq vəsait ayrılmışdır ki, bu da Azərbaycanın iqtisadi dayanıqlığının və maliyyə imkanlarının göstəricisidir.
Prezident İlham Əliyevin mütəmadi olaraq azad edilmiş torpaqlara səfərləri həm dövlət başçısının torpağa və insanlara sədaqətini, həm də uzun illər yurd həsrəti ilə yaşayan vətəndaşlara göstərilən qayğı və diqqəti əks etdirir. Bu səfərlər praktiki baxımdan da mühüm əhəmiyyət daşıyır, çünki bərpa işlərinin gedişinə birbaşa nəzarət həyata keçirilir. Hazırda azad edilmiş ərazilərdə sənaye müəssisələri, kənd təsərrüfatı sahələri və emal fabrikləri fəaliyyətə başlamışdır. Laçın və Zəngilanda torpaq sahələrinin icarəyə verilməsi və fermer təsərrüfatlarının təşkili bölgələrin iqtisadi canlanmasına səbəb olmuşdur. Bununla yanaşı, qardaş və dost ölkələrin bu prosesə verdiyi dəstək xüsusi qeyd olunmalıdır. Türk Dövlətləri Təşkilatının sammitlərində Prezident İlham Əliyev Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi ölkələrin bu sahədə göstərdikləri yardımı yüksək qiymətləndirmişdir. Bu, həm regional əməkdaşlığın, həm də qarşılıqlı etimadın bariz nümunəsidir.
Azərbaycan da öz növbəsində beynəlxalq humanitar əməkdaşlıqda fəal iştirak edir, müxtəlif ölkələrdə məktəblərin və məscidlərin inşasında, sosial layihələrin reallaşdırılmasında yaxından iştirak edir. Beləliklə, Böyük Qayıdış proqramı təkcə bir bərpa layihəsi deyil, həm də milli həmrəyliyin, iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın təzahürüdür. Bu proses, ümumilikdə, Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir və ölkənin sosial-iqtisadi yüksəlişinin, xalqın rifahının və dövlət müstəqilliyinin möhkəmlənməsinin parlaq göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə