Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib - Baş prokuror

Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – "GlobE Network" çərçivəsində altıncı plenar iclasındakı çıxışında deyib.

O bildirib ki, təkcə ötən il Azərbaycan BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi edib, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub:

"Azərbaycan "GlobE Network"ün fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə, onun korrupsiyaya qarşı mübarizə orqanı olan “Nazaha” təşkilatının əvəzsiz rolu olub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə