Azərbaycan dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib - NAZİR
“Azərbaycan Türkiyə başda olmaqla dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib”. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya problemin həlli üçün heç bir əməli addım atmayıb:
“İşğala son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərilməyib, işğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıb. Öz ərazi bütövlüyünü təmin etdiyi üçün Azərbaycanı cəzalandırmağa çalışırlar. Onların başında Fransa və şəxsən Emmanuel Makron dayanır. BMT Təhlükəsizlik Şurasında müzakirələr keçirərək Azərbaycanı cəzalandırmaq istədilər. Avropa İttifaqında Azərbaycana sanksiya tətbiq etməyə çalışdılar”.
Nazir söyləyib ki, bu səylərin heç biri uğurlu olmayıb: “ABŞ-də də Demokratların iqtidarı dövründə Ermənistana dəstək göstərilib və 30 il ərzində işğalçıya heç nə deməyiblər. Azərbaycan ərazi bütövlüyünü təmin edəndə cəzalandırmağa və təzyiq göstərməyə çalışıblar. Amma yeritdiyimiz müstəqil xarici siyasət, başda qardaşımız Türkiyə olmaqla birlikdə dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puç olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə