“XX əsrin vəhşiliyi: Xocalı soyqırımı” mövzusunda konfrans...

Türkiyənin Kütahya vilayətinin Mədəniyyət və Turizm İdarəsində “XX əsrin vəhşiliyi: Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Kütahya valisi Musa Işın, Kütahya bələdiyyəsinin sədri Eyüp Kahveci, Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Zəkəriyyə Ünal, Dumlupınar Universitetinin rektoru professor Süleyman Kızıltoprak, Kütahya şəhər jandarm komandiri polkovnik Vedat Kültür, şəhər protokolunun üzvləri və digər qonaqlar iştirak ediblər.

Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi yad olunub.

Konfransda professor Kızıltoprakın “Azərbaycanlı qardaşlarımızın acısı bizim acımızdır” mövzusunda məruzəsi dinlənilib.

Mərasimdə çıxış edənlər Xocalı soyqırımını insanlıq tarixinin utancverici səhifəsi kimi dəyərləndiriblər.

Bildirilib ki, Xocalı faciəsi və bu kimi ermənilər tərəfindən türk millətinə qarşı işlənən cinayətlərin ən gözəl cavabını Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Zəfərlə verdi.

Natiqlər türklərin öz coğrafiyasında əsrlər boyu çox sayda bənzər etnik və dini soyqırımlara məruz qaldığını, lakin artıq buna cəhd edənlərə qarşı daha dik durduğunu vurğulayıblar.

Tədbir əsnasında Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə