Xocalı soyqırımı Britaniyanın nüfuzlu universitetində anılıb

Britaniyanın ən nüfuzlu və dünyanın iki aparıcı universitetindən biri olan İmperial Kollecdə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Əzmkarlıq və ədalət hekayələri: Məcburi köçürülmə və qayıdış” adlı tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İmperial Kollecdə fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Britaniya Azərbaycanlıları Cəmiyyətinin fəal dəstəyi ilə keçirilən tədbirə “King's College”, “London School of Economics”, “Queen Mary” daxil olmaqla Londondakı digər universitetlərdə fəaliyyət göstərən Azərbaycan tələbə cəmiyyətləri də dəstək verib.

Tədbir Xocalıda qətlə yetirilmiş yüzlərlə həmyerlimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımını əks etdirən qısa film nümayiş etdirilib. Ardınca, İmperial Kollecdəki Azərbaycan Cəmiyyətinin sədri Aygün Həsənova hadisənin mahiyyəti haqqında məlumat verib. Əslən Laçın rayonundan olan Aygün Həsənova məcburi köçkünlük həyatının onun və ailəsinin yaddaşında buraxdığı ağır izlərdən danışıb, buna baxmayaraq, hər bir qarabağlının bir gün geri qayıtmaqla bağlı ümidini heç vaxt itirmədiyini deyib.

Tədbirdə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Xocalı soyqırımının Qarabağ müharibəsinin ən faciəvi səhifəsi olduğunu söyləyib. Səfir qeyd edib ki, Xocalıdakı hadisələr bir daha Qarabağ müharibəsində hansı tərəfin haqlı, hansı tərəfin işğalçı olduğunu göstərib. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bu cinayəti açıq etiraf edib. Sonrakı illərdə onun rejimi tərəfindən hətta Yerevan şəhərində keçirilən etiraz aksiyalarında ermənilərin özlərinə qarşı zorakılıq edilib və onlarla insan öldürülüb.

Diplomat qeyd edib ki, Xocalıda törədilən qırğınlarla bağlı qarşı tərəfin əsl məqsədi terror və qorxu yaratmaqla Azərbaycan xalqının mübarizə əzmini qırmaq olub. Buna baxmayaraq, Azərbaycanın müstəqil suveren dövlət kimi inkişafı, ərazilərini azad etməsi, köçkünlərin öz yurduna qayıtması, eləcə də bu hadisələri yaşamış və bu gün Britaniya və dünyanın nüfuzlu universitetlərində təhsil alan Aygün kimi yüzlərlə gəncin nümunəsi göstərdi ki, Azərbaycan xalqının əzmini, ruhunu qıra bilmədilər.

Səfir 1990-cı illərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında çalışarkən Azərbaycanda bir sıra məcburi köçkün şəhərciklərini ziyarət etmək imkanı olduğunu qeyd edib və bu gün həmin məcburi köçkünlərin öz doğma torpaqlarına geri dönməsini görməkdən böyük fərəh hissi keçirdiyini vurğulayıb. Azərbaycan dövlətinin hər zaman vətəndaşlarının yanında olduğunu vurğulayan səfir, Prezident İlham Əliyevin Xocalıya səfərini və yeni tikilmiş evlərdə Xocalı sakinlərinin qonağı olduğunu qeyd edib. Diplomat vurğulayıb ki, Azərbaycan xalqı hər zaman ilahi ədalətin qələbə çalacağına inandı. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, ordumuzun rəşadəti ilə ədalət bərqərar oldu.

Tədbirdə, həmçinin İmperial Kollecdə Azərbaycan Cəmiyyətinin sədr müavini Aydan Poladova çıxış edib. O, vaxtilə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş ailəsinin öz doğma torpaqlarına qayıdışından bəhs edib, buna görə ailəsinin və özünün cənab Prezident İlham Əliyevə minnətdar olduğunu ifadə edib.

Tədbir zamanı Azərbaycan Respublikasının Əməkdar artisti, skripkaçı Ceyla Seyidova Xocalı qurbanlarının xatirəsinə musiqi parçaları ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə