“Azərbaycan Prezidentinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığında bir sıra məsələlərə xüsusi diqqət çəkməsi həm regional baxımdan, həm də beynəlxalq münasibətlər baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti ABŞ-da sözün əsl mənasında böyük səs çoxluğu ilə D.Trampın yenidən prezident seçilməsini vurğulaması ayrıca məsələdir. Çünki Amerika demokratiyası nümayəndəli demokratiyadır. Buna görə də bəzi hallarda səs çoxluğunu özündə əks etdirmir, yəni daha az səs toplayan namizəd məhz nümayəndə kollegiyalarının səsi ilə prezident seçilə bilirlər. Lakin bu dəfə keçirilən prezident seçkilərində həm səs çoxluğu, həm də nümayəndə kollegiyalarının səsi ilə ABŞ-ın yeni prezidenti seçildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, ölkə başçısının toxunduğu ikinci məsələ beynəlxalq münasibətlərin hazırkı vəziyyəti ilə bağlı oldu: “ABŞ prezidenti ilə telefon danışığı zamanı Azərbaycan Prezidenti qeyd etdi ki, Trampın prezident seçilməsi beynəlxalq münasibətlər sistemində sülhün bərqərar olunmasına gətirib çıxara bilər. Doğurdan da hazırda beynəlxalq münasibət sistemində çox gərgin dövrdən keçirik. ABŞ kimi mühüm dövlətin varlığı da bu sistemdə çox böyük əhəmiyyət kəsb edir. Əgər D.Trampın öncəki prezidentliyi dövründə də aldığı qərarlara diqqət yetirsək, məhz beynəlxalq münasibətlər sistemində gərginliyin aradan qaldırılması üçün Trampın müəyyən addımlar atdığı görərik. Hansı ki, bu addımlar öz nəticələrini verib.
Üçüncü istiqamət isə Azərbaycan Prezidentinin Amerika-Azərbaycan münasibətlərinə diqqət çəkməsi oldu. Trampın prezidentliyi dövründə bu münasibətlərdə yeni bir səhifə açıldığı vurğulandı. Belə ki, Tramp Amerikası dövründə Azərbaycanla sıx əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuldu. Bu gün də iki ölkə arasında sıx əlaqələr mövcuddur”.
Bütün xəbərlər Facebook səhifəmizdə