"Ərdoğanın qarşısındakı rəqibləri çox zəif görürəm" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Türkiyədəki seçki prosesini hər birimiz yüksək maraq və həyəcanla izləməkdəyik. Çox az zaman qalıb. Bir neçə həftədən sonra gedişat daha da intensivləşəcək və yekun qərarı heç şübhəsiz ki, Türkiyə vətəndaşları verəcək, hər şeyi türk xalqının iradəsi müəyyənləşdirəcək. Təbii ki, məlum seçkinin əsas favoriti cənab Rəcəb Tayyib Ərdoğandır və bir azərbaycanlı olaraq biz Ərdoğandan yanayıq, onu dəstəkləyirik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.

Onun sözlərinə görə, həmin dəstək üçün səbəblərimiz də yetərincədir: “Birincisi, Rəcəb Tayyib Ərdoğan ən çətin, ən həssas, ən lazımlı günlərdə Azərbaycanın yanında olub. İkincisi, cənab Ərdoğan istənilən məkanda, istənilən beynəlxalq tribunada dövlət haqqı, dövlət maraqları müdafiə olunarkən Azərbaycanı Türkiyədən ayırmayıb. Üçüncüsü, Ərdoğan yalnız Türkiyəyə deyil, elə Azərbaycana qarşı da mənfur planlar cızan qüvvələrin önündə dəyanətlə dayanan ən böyük canlı istehkamlardan biri olub. Dördüncüsü, Ərdoğan 44 günlük Vətən Müharibəsində özünü bir tək Türkiyə Prezidenti kimi deyil, həm də azərbaycanlı kimi aparıb, qarabağlı kimi aparıb. Şuşaya getməyi bizim qədər arzulayıb, qələbəyə bizim qədər köklənib".

Deputat sözlərinə davam edərək bildirib ki, Ərdoğan çox böyük siyasətçidir, əsl dövlət adamıdır, qardaş Türkiyəni işıqlı gələcəyə aparan ləyaqətli liderdir: “Açığı, mən Ərdoğanın qarşısındakı rəqibləri çox zəif görürəm: “Altılıq” deyilən müxalif təşkilat heç siftə eləməmiş parçalandı. Yəqin bundan sonra da azala-azala gedəcəklər. Axıra güman ki, ən uzağı “ikilik” qalacaq. Çünki həmin birlikdə qərarlaşan müxalifətçilər bir-biri ilə yad təfəkkürdə olan və bir-birini həzm etməyən siyasətçilərdir. Düzdür, onlar hansısa rəqabət mənzərəsini yaratmağa çalışacaqlar, populizmlə səs toplamağa cəhd edəcəklər. Amma yekunda arzuladıqları nəticə olmayacaq. Ərdoğana qalib gəlmək mümkün deyil. Türkiyənin hazırki Prezidenti böyük səs üstünlüyü ilə qələbə qazanacaq. Çünki o, həm dəyanəti, həm də müdrikliyi ilə çox böyük işlər görüb, özünü təsdiq edib, Türkiyə vətəndaşlarının hörmətini, rəğbətini qazanıb”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə