Türkiyədə keçiriləcək prezident seçkilərinin TARİXİ DƏYİŞİB? - SƏDR MÜAVİNİ AÇIQLADI
“Türkiyədə keçiriləcək seçkilərin vaxtı ilə bağlı üç versiya var. İlk olaraq daha əvvəl hökumətin dediyi 14 may, ikincisi seçkilərin normal vaxtı 18 iyun, son olaraq isə zəlzələ ilə əlaqədar gündəmə gələn bir il sonraya ertələnmə fikirləri mövcuddur. Həm 14 may, həm də seçkilərin ertələnməsi ilə bağlı ciddi hüquqi problemlər olduğu düşünülür. 18 iyun tarixi ilə bağlı məsələ də sual altındadır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.
Onun sözlərinə görə, qarşıdakı proseslər seçkilərin nə zaman keçiriləcəyini göstərəcək: “Prezident seçkilərinin 14 mayda keçirilməsi də qeyri-müəyyəndir. Çünki konstitusiyaya görə əgər seçkilərdə Rəcəb Tayyib Ərdoğan namizəd olacaqsa, bunun məclis tərəfindən seçimin təkrarlanması formasında olması gərəkir. Məclisdə də iqtidarın kifayət qədər səsi yoxdur. Bu baxımdan hüquqçuların müzakirələri, müxalifətin çıxışları var ki, hakimiyyət özü seçki keçirə bilməz. Keçirilsə belə Prezident Rəcəb Tayyib Ərdoğan üçüncü dəfə namizəd ola bilməz”.
Politoloq sözlərinə davam edərək bildirib ki, zəlzələdən sonra gündəmə gələn seçki tarixinin ertələnməsi ilə bağlı müzakirələr də konstitusiyaya görə keçərli sayılmır: “Qanuni olaraq seçkilər 18 iyun tarixində həyata keçirilməlidir ki, bununla da bağlı müzakirələr hələ də açıq olaraq qalır. Hələ heç bir tərəf də konkret olaraq namizəd irəli sürməyib. Nə qədər iqtidar tərəfindən Rəcəb Tayyib Ərdoğanın namizədliyi gözlənilsə də, ortada dəqiq bir qərar yoxdur. Ona görə də Türkiyədə keçiriləcək prezident seçkiləri çox bilinməz şəkildə qalır və hazırda bununla bağlı fikir bildirmək də mümkün deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB