Orta Dəhliz Azərbaycanın regionda əhəmiyyətini artırır ŞƏRH

Noyabr ayının 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfrans da, şübhəsiz ki, bu baxımdan böyük əhəmiyyətə malikdir. Keçirilən tədbirdə Prezidentimiz mühüm məslələrə toxunmuşdur. Dövlətimizin başçısı tədbirdəki çıxışında da bu məsələyə toxunaraq, Orta Dəhliz kimi irimiqyaslı layihənin icrasını təhlükəsizlik, iqtisadi bacarıq və geosiyasət amillərinin şərtləndirdiyini, konfransın da məhz bu məqsədlə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlandırıldığını vurğulayıb. Ölkə rəhbəri çıxış edərək bildirib ki, “Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir... Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir”.

Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələrinin də Şərq-Qərb dəhlizinə sinerji əlavə ediləcəyi nəzərdə tutulub. Dövlətimizin başçısı konfransda Azərbaycanın hər iki dəhlizin iştirakçısı olduğunu və ölkəmizin bu nəqliyyat marşrutları ilə bağlı əksər logistika infrastrukturu layihələrini artıq həyata keçirdiyini, hazırda isə həmin sahələrdə müasirləşdirmə işləri görüldüyünü də diqqətə çatdırıb. “Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna” – deyə, ölkə rəhbəri bildirib. Konfransda Azərbaycanın nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanı haqqında da məlumat verilib. Bu möhtəşəm infrastruktur layihəsinin 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəyinin nəzərdə tutulduğu qeyd edilib. Bunun isə təsadüfi olmadığı, zərurətdən irəli gəldiyi deyilib. Səbəbləri isə dünyada yeni geosiyasi vəziyyətin yaranması, respublikamızdan daha çox yüklərin daşınması ilə əlaqələndirilib. Prezident konfransda bütün bunlarla yanaşı, ölkəmizin hava limanları layihələrinin artıq tamamlanma mərhələsində olduğunu, Laçın aeroportu hazır olandan sonra isə işğaldan azad edilmiş ərazilərdə üç hava limanının fəaliyyət göstərəcəyini və beləliklə, Azərbaycan üzrə onların sayının doqquza yüksələcəyini diqqətə çatdırıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun hər iki hissəsi Qazaxıs­tan torpaqlarından keçir. Xatırladaq ki, cari il mayın 10-da Türkiyəyə səfəri zamanı Qazaxıstan Prezi­denti Kasım-Jomart Tokayev “Orta dəhliz”in potensialınının maksimum dərəcədə artırılmasının xüsusi vacibliyini vurğulamışdı. Qazaxıs­tanı logistika mərkəzinə çevirən bu marşrut rəsmi Nursultan üçün çox əhəmiyyət daşımağa başlayıb. Avqustun 24-də qazax lideri ilə görüşündə Prezident İlham Əliyev “Orta Dəhliz”in böyük perspektivə malik olduğunu bildirmişdi. Bundan başqa, dövlət başçımız vurğulamış­dı ki, ölkələrimizi birləşdirən “Orta Dəhliz”in çox böyük perspektivləri var: “Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, “Orta Dəhliz”in bura­xıcılıq qabiliyyətini daha da artı­raq”. Əlbəttə, bu strateji nəqliyyat dəhlizləri təkcə beynəlxalq sulara çıxışı olmayan ölkələr arasında əlaqəni təmin etmir, həm də Avropa bazarlarına çıxışda çox vacib rol oynayır.Bütün bunlar belə deməyə əsas verir ki, bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşır. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən böyük əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında mühüm rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə regionda yeni bir reallıq yaratdı. Bu münaqişənin başa çatdığını təsdiq edən 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatda icra olunması nəzərdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir.

İcat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə