İqor Korotçenko: Azərbaycanda “rəngli inqilab” ssenarisi baş tutmaz, çünki... - MÜSAHİBƏ

İqor Korotçenko: “KTMT heç vaxt Ermənistanın ərazi iddialarını dəstəkləmək üçün istifadə edilməyəcək. Qarabağ Azərbaycandır, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

Rusiya prezidenti Vladimir Putin dünən KTMT ölkələri liderlərinin Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında görüşündə çıxış edərək, bu ölkədə baş verən hadisələr zamanı “Maydan” texnologiyalarından istifadə edildiyini bildirib.

“Əlbəttə, biz başa düşürük ki, Qazaxıstanda baş verənlər dövlətlərimizin daxili işlərinə kənardan müdaxilənin ilk və sonuncu cəhdi deyil. KTMT-nin gördüyü tədbirlər isə açıq şəkildə göstərdi ki, biz vəziyyətin daxildə sarsılmasına gətirib çıxarmasına və qondarma rəngli inqilablar ssenarilərinin reallaşmasına imkan verməyəcəyik”,- Rusiya lideri bildirib.

“Biz başa düşürük ki, Qazaxıstanın dövlətçiliyi üçün yaranan təhlükə yanacağın qiymətləri ilə bağlı kortəbii etiraz aksiyaları ilə deyil, dağıdıcı daxili və xarici qüvvələrin vəziyyətdən sui-istifadə etməsi ilə bağlıdır. Qaz bazarındakı vəziyyəti müdafiə edənlər bəzi insanlardır və eyni məqsədləri güdürlər, əlinə silah alıb dövlətə hücum edənlər isə tamam başqa adamlardır və fərqli məqsədlər güdürlər”,- Rusiya prezidenti bildirib.

Vladimir Putin hansı xarici qüvvələrdən danışır və niyə Azərbaycanda Qazaxıstan ssenarisi mümkün deyil? Rusiyanın tanınmış politoloqu, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bu məsələləri “Moskva-Baku” platformasına müsahibəsində şərh edib. Politoloqun şərhini oxucularımızın diqqətinə çatdırırıq.

- Vladimir Putinin bəyanatlarını necə şərh edə bilərsiniz və ümumiyyətlə, Qazaxıstanda belə bir ssenarinin həyata keçirilməsinə nə təkan verdi?

- Qazaxıstan 2001-ci il sentyabrın 11-də ABŞ-ın üzləşdiyi şeylə üz-üzə qaldı- bu, genişmiqyaslı terror aktıdır. Sonra ABŞ üzvü olduğu NATO-nun dəstək mexanizmini işə saldı, Qazaxıstan isə üzv olduğu KTMT-yə üz tutdu.

Qazaxıstanda tədbirlərin həyata keçirilməsi texnologiyalarına gəlincə, onlar kifayət qədər standartdır. Əvvəlcə hər şey etirazçıların iqtisadi tələblərindən başlayıb, bundan sonra vəzifəsi hakimiyyəti devirmək və ölkədə sabitliyi pozmaq olan qanunsuz silahlı birləşmələr gündəmə gəlib.

Təbii ki, Qazaxıstanda baş verənlərin analoqu yoxdur. Biz postsovet məkanının heç bir yerində belə formata rast gəlməmişik ki, eyni vaxtda onlarla şəhərdə təlim keçmiş silahlı dəstələr dövlət orqanlarına və hüquq-mühafizə orqanlarına silahla hücum ediblər. Qazaxıstan hakimiyyətinin situasiyaya reaksiyasının gecikməsi dağıdıcı elementlərin miqyasını və fəallığını müəyyən dərəcədə gücləndirib. İcazə verin, diqqətinizə çatdırım ki, bunlar dəqiq təlim keçmiş yaraqlılar idi. Adi etirazçılar hücum etməz, ələ keçirməz, dağıtmaz.

Vladimir Putin digər məsələlərlə yanaşı, Qazaxıstanın işlərinə kənardan müdaxilə etmək cəhdindən danışır. Kimin “sifarişçi” olması məsələsi indi təhlil mövzusudur. Anlamaq lazımdır ki, bu adamlar harada təlim keçiblər, Qazaxıstanın təhlükəsizlik orqanları bu vəziyyətdə niyə yatıblar. Bütövlükdə deyə bilərik ki, biz qazax spesifikasına malik rəngli inqilabla qarşı-qarşıyayıq.

İndi Qazaxıstan Milli Təhlükəsizlik Komitəsində kadr dəyişikliyinin necə aparıldığını görürük. Bu xüsusi xidmətin demək olar ki, bütün yüksək rəhbərliyi vəzifədən uzaqlaşdırıldı, bəziləri, o cümlədən MTK (Milli Təhlüksəzilik Komitəsi) rəhbəri həbs edildi. Diqqətli, hərtərəfli təhlil Qazaxıstan və Rusiya xüsusi xidmət orqanları, xüsusən də Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidməti tərəfindən aparılacaq.

Yeri gəlmişkən, Qazaxıstanda baş verən hadisələrin mənşəyini erməni lobbiçilərinin “izah etmək” cəhdlərini dayandırmaq vacibdir. Rusiyada erməni agentlərinin dodaqlarından “türk izi”, Ərdoğanın “Turan” yaratmaq istəyi kimi boşboğaz hayqırtıları neçə dəfə eşitmişik. Mən bu lobbiçilərə ancaq onu deyə bilərəm: “Siz olmasanız da kimin maliyyələşdirdiyini, kimin istiqamətləndirdiyini anlayacaqlar”. Ermənilərin hər zamankı kimi türk kartını oynamaq istəyi başa düşüləndir. Amma necə deyərlər, onlar rədd olsunlar. Düzünü desəm, artıq onların bu açıq lobbiçilik cəhdlərindən hamı bezib. Putin bunu bütün çılpaqlığı ilə biləcək. Bunun üçün erməni lobbiçiləri yox, Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidməti var.

- ABŞ-ın dövlət katibi Blinken Qazaxıstanda baş verənlərlə bağlı bu ölkənin KTMT qüvvələrindən kömək istəməsini bəyənməyib və Qazaxıstanın ABŞ-dan kömək etmək barədə xahiş edəcəyi barədə iddialar irəli sürüb. Bundan əlavə, Blinken Rusiyanın Sovet İttifaqını bərpa etmək istədiyinə əminliyini ifadə etdi ...

- Entoni Blinkenin iddiaları hava vibrasiyasından başqa bir şey deyil. Aydındır ki, ABŞ Qazaxıstandakı vəziyyətə KTMT-dən belə operativ və effektiv reaksiya gözləmirdi. Düşünürəm ki, Qərb kontingentin dərhal yerləşdirilməsinə heyrətlə baxdı. Bütün qərarlar demək olar ki, dərhal, rəvan, hüquqi prosedurlarla təmin olundu. Və yeni bir reallıq yarandı, bundan sonra Birləşmiş Ştatlar, bağışlayın, hər şeyi öz adı ilə çağırsaq, “ağ eləyib” bunun necə edildiyini deməyə başladı. İndi onlar narazıdırlar, nəsə tələb edirlər. Növbəti nə var?!

KTMT qüvvələri Qazaxıstanın tələbi ilə göndərilib. Qərar Lukaşenkonun dəstəyi ilə Putin tərəfindən qəbul edilib. Paşinyan, sadəcə olaraq, “danışan baş” rolunu oynadı.

ABŞ dövlət katibi qəzəblənib, yaxşı, bu, onun problemləridir. Ona heç bir izahat verməyəcəkləri kimi, buna heç kim reaksiya verməyəcək.

Rusiya öz sərhədlərinin perimetrləri boyunca sabitlik istəyir, qonşu Qazaxıstanda sabitlik istəyir. Axı bizim Qazaxıstanla nəhəng sərhədimiz var, bizim hərbi poliqonumuz var, ondan respublika ilə razılaşma əsasında istifadə edirik, Baykonur kosmodromu. Bunlar bizim üçün vacib obyektlərdir. Bundan başqa, bizim milyonlarla qaçqına ehtiyacımız yoxdur. Və Qazaxıstanda vəziyyət sabitləşən kimi KTMT qoşunları onun ərazisini tərk edəcək.

Hər bir ölkə öz milli maraqlarını həyata keçirir və qoruyur. Görünən odur ki, sabit Qazaxıstan və orada Rusiya hava-desant qoşunlarına əsaslanan KTMT sülhməramlı kontingentinin olması ABŞ-ın milli maraqlarına cavab vermir. Təbii ki, bu, onların xoşuna gəlmir. Biz də çox şeyi sevmirik. Praktiki siyasətdə ABŞ-ın narazılığı heç nəyə təsir etmir. Bütün bunlar Vaşinqton tərəfindən ancaq ritual təlqinlər kimi səslənir. Blinken ancaq öz arvadından nəsə tələb edə bilər, Rusiya və Qazaxıstandan isə heç nə tələb edə bilməz. Oyun oynanılır, bu qədər. İndi Birləşmiş Ştatlar üçün susmaq və bir şey söyləməmək daha ağıllı olardı – nəinki özünü axmaq yerinə qoymaq.

O ki qaldı ABŞ-ın Qazaxıstanda dövlət çevrilişinə cəhdin təşkilatçısı ola biləcəyinə. Mən “məkrli Qərb”, terrorçular və ya bu kimi şeylər haqqında danışıb etiketləri asmaq istəmirəm. Bunu öyrənmək üçün xüsusi xidmətlər var. Ermənilər bir ağızdan Türkiyəyə işarə edərək “Ərdoğan-Ərdoğan” qışqırması ilə deyil. Bu, ciddi deyil. Və belə ciddi işlərdə faktura və ya intellekt lazımdır.

- İndi bəzi ekspertlər bu mövzunu fəal şəkildə təbliğ edirlər- niyə KTMT qüvvələri Qazaxıstana gətirilib, amma ikinci Qarabağ müharibəsi zamanı gəlmədilər...

- KTMT heç vaxt Ermənistanın ərazi iddialarını dəstəkləmək üçün istifadə edilməyəcək. Qarabağ Azərbaycandır, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, beynəlxalq ictimaiyyət də belə tanıyır. KTMT-nin baş katibi Stanislav Zas dəfələrlə bildirib ki, istər 44 günlük müharibə zamanı, istərsə də Azərbaycan-Ermənistan sərhədinin “boz” zonasında baş verən hadisələr zamanı təşkilatın müdaxiləsi üçün heç bir əsas olmayıb. Yeri gəlmişkən, Nikol Paşinyan özünü Tokayevin vəziyyətinə salsa, onu heç kim xilas etməyəcək... Çünki prinsipial fərq var. O, KTMT ölkələrinin rəhbərlərinə yad adamdır. İndi Paşinyan öz rolunu oynayır, açıq-aydın hansısa divident almağa ümid edir. Ermənistan həmişə kiməsə- indi ABŞ-a, sonra Fransaya, sonra İrana, sonra KTMT-yə ümid bəsləyir. Onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan var, onun delimitasiyası və demarkasiyası hələ aparılmalıdır, qoy öz sərhədləri daxilində otursunlar və bacarırlarsa, inkişaf etdirsinlər. Ya da Fransaya getsinlər, istəsələr, orada öz fransız “Artsax”larını yaratsınlar. Fransa xüsusi xidmət orqanları və Fransa prezidenti icazə versə. Və bu cəhdlərin necə bitəcəyini müşahidə edək.

-Qazaxıstandakı vəziyyətlə və son illərdə postsovet məkanının müxtəlif dövlətlərinin timsalında çoxlu oxşar vəziyyətlərin şahidi olmağımızla əlaqədar olaraq demək olar ki, Azərbaycana tez-tez kənardan təsirlər olub. Kiminsə xoşuna gəlmir, belə deyək, həddindən artıq müstəqillik və ya kənardan diktə olunan müstəqillik...

- Qazaxıstanda indi gördüyümüz vəziyyət ölkədəki faktiki ikihakimiyyətlilik və klanların mübarizəsi nəticəsində formalaşıb. Amma Azərbaycanın başında güclü, effektiv siyasət yürüdən prezident dayanır. Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti səmərəli fəaliyyət göstərir, daxildə və xaricdə təhlükə və risklər barədə məlumat verir. Ona görə də Qazaxıstanda gördüyümüz hadisələrin Azərbaycanda baş verməsi mümkün deyil.

Azərbaycan sabitliyi pozmaq və çirkli suda balıq tutmaq arzusunda olan bir çoxları üçün həqiqətən “dadlı yeməkdir”. Buna heç bir şübhə yoxdur. Axı o, mühüm strateji mövqeyə malikdir və enerji resurslarının böyük ixracatçısıdır. Amma İlham Əliyev kimi siyasətçi dövlətin başında olanda heç bir “rəngli inqilab” cəhdi uğurlu ola bilməz. Hətta güclü kənar dəstək olsa belə, bu, mümkün deyil. Bundan əlavə, bu gün onun mövqeyi Azərbaycan cəmiyyətində İkinci Qarabağ müharibəsinin nəticələrinə görə də möhkəmlənib və Prezident Əliyev dövlətin ərazi bütövlüyünü bərpa edən və bununla da tarixə düşən Milli Qəhrəmandır. İndi qarşıda duran vəzifələr işğaldan azad edilmiş torpaqların bərpası,- bu iş sürətlə həyata keçirilir,- qaçqınların öz doğma yurdlarına qayıtmasıdır. Bütün bunlarda xalq dövlət başçısını dəstəkləyir. Rəhbərin səlahiyyəti dövlətin sabitliyinə işləyir.

Həmçinin, Azərbaycanda korrupsiyaya qarşı səmərəli mübarizə başlayıb. Sosial siyasətin inkişafına, sosial proqramların həyata keçirilməsinə böyük diqqət yetirilir. Daxili siyasi sabitlik, effektiv siyasi sistem və güclü prezident Azərbaycanı Qazaxstandakı olan faciələrdən sığortalayır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə