"Dərmanların keyfiyyəti aşağı düşüb, qiymətləri isə yüksəlib" - EKSPERT AÇIQLADI

“Dərman qiymətlərinə baxdıqda Tarif Şurasının aktlarının düzgün olmadığı üzə çıxır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, dərmanların keyfiyyəti aşağı düşüb, qiymətləri isə bahalaşıb: “Deməli Tarif şurasının standartları doğru deyil. Onlar molekula və istehsalçıya görə qiymət tənzimlənməsi həyata keçirirlər. Bu da dərman bazarında orta sahibkarların sıradan çıxarılmasına və xarici dərman şirkətlərinin ölkəmizdə nümayəndəliyinin açılmamasına səbəb oldu. Böyük şirkətlər bazarda dominant mövqe tutmağa başladılar. Bu da dərman bazarında inhisarçılığa səbəb oldu.

Düşünürəm ki, dövlət dərmanlarla bağlı keyfiyyət standartlarını müəyyən etməlidir. Həmçinin qiymət tənzimlənməsindən kənara çəkilməlidir. Dövlət dərman bazarında rəqabət mühiti yaratmalıdır. Dərman bazarında rəqabət mühiti artsa, bu zaman xarici şirkətlərin ölkədə nümayəndəliyinin açılması üçün stimul yaranacaq. Hökümət düşünməlidir ki, nəyə görə cəmi 4 milyondan da az əhalisi olan Gürcüstanda xarici dərman şirkətlərinin nümayəndəlikləri açılır, lakin ölkəmizdə açılmır. Düşünürəm ki, dərman sahəsində köklü islahatlara ehtiyac var. Bütün sahələrdə olduğu kimi ölkədə dərman sahəsində də monopoliya var".

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə