Azərbaycan-Ermənistan sülh prosesinin gerçək konturları
Azərbaycan-Ermənistan münasibətləri geniş sülh müqaviləsinin imzalanmadığı, lakin sülhə doğru inadla irəliləyən tərəflərin istəklərindən asılı olan mərhələdədir. Rəsmi Bakının mövqeyi dəyişməzdir, amma bunu İrəvan barədə demək bir az çətindir. Çünki, Ermənistanda ictimai-siyasi vəziyyət stabil deyil, Rusiyanın dəstəklədiyi müxalifət və kilsə sülhə qarşıdır. Onlar sülhü ermənilər üçün qəbuledilməz hesab edirlər. Alternativ mövqe isə danışıqlardan, boş müzakirələrdən o tərəfə gedə bilmir. Nə yeni müharibə başlamaq üçün siyasi iradə və hərbi güc var, nə də yeni eskalasiyanı dəstəkləmək həvəsində olan dövlət.
Azərbaycanın isə sülh gündəliyi çərçivəsində formalaşdırdığı əsas mövqelər, prioritetlər, həyata keçirilmiş və hələlik tamamlanmamış addımlar barədə məlumatlar açıqdır. Bu yanaşmanın nəyi hədəflədiyini, hansı şərtlərlə işlədiyini və hansı çətinliklərlə üzləşdiyini də hər kəs bilir. Rəsmi Bakı sülh danışıqlarına sadiqdir, səmimidir və etibarlıdır. Azərbaycanın Ermənistanla münasibətlərdə sülh və normallaşma istiqamətində irəli sürdüyü əsas prinsiplər və tələblərdən birincisi sərhədlərin toxunulmazlığı, suverenlik və ərazi bütövlüyüdür. Azərbaycan vurğulayır ki, münasibətlər “sülh müqaviləsi” çərçivəsində olmalıdır və Ermənistan həmin prinsiplərə hörmət etməlidir. Yəni Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində tanınmış suverenliyi və ərazi bütövlüyü qorunmalıdır.
Azərbaycan XİN-in yaydığı bəyanatda deyildiyi kimi, sülh müqaviləsi vacibdir, lakin Ermənistanın konstitusiyasında Azərbaycanın qarşısında “ərazi iddiaları”nın mövcud olması narahatlıq doğurur. Ölkəmiz gündəlikdə sülh müqaviləsinin imzalanmasını vacib məsələ kimi qoyub. Bu müqavilə münasibətlərin rəsmi hüquqi bazasını təşkil etməlidir. 2024-cü ilin sonunda Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, normallaşma gündəliyində “tərəfdaşlıq münasibətlərinin qurulması”, “sülh müqaviləsinin təşviqi” əsas istiqamətlərdən biridir.
Sülhün davamlılığı üçün sadəcə müqavilə yox, sərhədlərin fiziki şəkildə müəyyən edilməsi – delimitasiya-demarkasiya prosesləri Azərbaycan üçün prioritetdir. Azərbaycan sülh gündəliyində nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını da mühüm vasitə kimi görür. Regionun inteqrasiyası, tranzit yolların qurulması vasitəsilə iqtisadi faydalar əldə etmək planlaşdırılır. Bu sahədə konkret addımlar kimi “infrastrukturun bərpası”, “rəqəmsal-logistika koridorları”, “transit imkanlarının genişləndirilməsi” kimi hədəflər göstərilir.
Azərbaycan normallaşma prosesini kağız üzərində yox, real addımlarla görmək istəyir. Məsələn, nəqliyyat marşrutlarının açılması, yük tranzitinin təşviqi, sərhəd rejiminin sadələşdirilməsi kimi. Məsələn, Prezident İlham Əliyev 2025-ci ilin sentyabrında BMT Ümumi Assambleyasında qeyd etmişdir ki, “Biz Birləşmiş Ştatlarla yeni strateji tərəfdaşlıq çərçivəsində Ermənistanla barışma yolundayıq”. Prezidentin Qazaxıstana səfərində Ermənistana tranzit yüklərin daşınmasına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı Ermənistanla sülh istiqamətində atılan ən böyük addım hesab edilməlidir. Bəli, məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlanan ikitərəfli, heç bir vasitəçinin olmadığı təmaslar, danışıqlar öz bəhrəsini verməkdədir.

Sülh gündəliyinin hazırkı statusu
2024-cü ildə Azərbaycan “normallaşma gündəliyi” ilə bağlı əhəmiyyətli irəliləyişin olduğu bəyan etdi. Həmin ilin martında Azərbaycan və Ermənistan “sülh müqaviləsinin prinsipləri” barəsində razılaşma əldə edildi. Cari ilin iyul ayında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, “müharibə eskalasiyası və ya silahlı qarşıdurma gündəliyimizdə deyildir”, deyə açıqlama verdi. Lakin eyni zamanda Ermənistan tərəfdən bildirildi ki, Azərbaycan əlavə şərtlər irəli sürür, Ermənistan konstitusiyasında dəyişikliklər tələb edir. Bəli, Azərbaycanın gündəliyində xüsusi olaraq aşağıdakı tələblər yer alır: Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması, “üçüncü tərəf” silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədlərində olmaması (yəni, sərhəd təhlükəsizliyi baxımından vasitəçi və ya hərbi güc yükünün minimuma endirilməsi). Bu, əslində qarşı tərəfə təhlükəsizlik zəmanətidir.
Sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-logistika marşrutlarının açılması əlaqəli proseslərdir. Bunun üçün praktiki addımlar atılmalıdır. Ermənistan tərəfi isə sadəcə, deklarasiyalar yox, icrasına yönəlik mexanizmləri işə salmalı, kommunikasiyaların açılmasını, tranzit səviyyəsinin artırılmasını təmin etməlidir.
Azərbaycan 2024-cü ilin sonunda bəyan etmişdir ki, “tarixi fürsət yaranıb” və normallaşma prosesində ciddi addımlar atılıb. 2025-ci ilin sentyabrında Prezident İlham Əliyev BMT-də həmin gündəliyi bir daha vurğulamışdı. Azərbaycan həm də sivil infrastrukturun bərpası və yeni regionların reinteqrasiyası üzrə planlar hazırlayıb, işğaldan azad edilmiş ərazilərin bərpası proqramını artıq reallaşdırmaqdadır.
Yuxarıdakı planlar olmasına baxmayaraq, gündəliyin icrasında bir sıra çətinliklər də mövcuddur. Ermənistan tərəfdən Azərbaycanın şərtlərinin çox olduğu, bəzi şərtlərin qəbul edilməsində gecikmələrin olduğu barədə iradlar, iddialar - məsələn, “Azərbaycan sülh prosesini ləngidir” kimi filirlər səsləndirir. Sülh müqaviləsinin imzalanması üçün qarşılıqlı etimadın formalaşması, monitorinq mexanizmlərinin qurulması vacibdir. Lakin bu, hələ tam reallaşmayıb.
Nəqliyyat-kommunikasiya marşrutlarının açılması səyləri var, amma praktiki olaraq bütün bağlantılar hələ tam aktiv deyil. Hər iki tərəfdə sülhə gedən yolun sosial və siyasi tərəfdən qəbul olunması vacibdir, bu da asan deyil. Bunun üçün siyasi və ictimai dəstək lazımdır. O cümlədən, geosiyasi faktorları, regionda Rusiya, İran, Türkiyə və Qərbin kəsişən maraqlarını da unutmaq lazım deyil. Cənubi Qafqazın gündəliyi bu mühitdə formalaşır və xarici aktorların təsiri danılmazdır.
Bir sözlə, Azərbaycanın sülh gündəliyi Ermənistanla münasibətlərdə stabillik, iqtisadi inteqrasiya, nəqliyyat və kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi, uzun müddətli sülh müqaviləsinin imzalanması istiqamətində qurulub. Bu gündəlikdə həm hüquqi-siyasi çərçivə (sülh müqaviləsi, konstitusiya düzəlişləri, sərhədlərin delimitasiyası), həm də praktiki iqtisadi-logistika addımları (marşrutların açılması, infrastrukturun bərpası) var. Eyni zamanda, bu planın reallaşması üçün qarşı tərəfin razılığı, etimadın formalaşması və xarici amillərin təsirinin idarəsi vacibdir.
Sülh perspektivləri
Bu gün üçün Ermənistanla Azərbayan arasında münasibətlər bir neçə vacib komponentlər üzrə irəliyə doğru gedir. Ermənistan hökuməti “Şərq-Qərb” və ya “Şimal-Cənub” istiqamətlərində ölkələrarası, regionlararası nəqliyyat və tranzit marşrutlarının açılmasını dəstəklədiyini bəyan edib. Lakin Azərbaycan tərəfi Ermənistanın “uzun və mürəkkəb” marşrutlar təklif etdiyini, sadə və birbaşa yolun seçilmədiyini deyir.
Bu arada...
Ermənistanın XİN başçısı Ararat Mirzoyan Zəngəzur dəhlizinin (TRIPP marşrutu) genişləndirilməsi və marşrut boyunca çəkiləcək dəmir yolunun idarəçiliyinin Rusiyaya verilməsi imkanlarını şərh edib. "Əgər o, heç olmasa Gümrüyə qədər uzanmasa, TRIPP marşrutu öz təyinatını itirər. Əgər dəmir yolu Ermənistan ərazisindən Naxçıvana keçirsə və daha sonra Naxçıvandan keçmirsə və Arazdəyəndən (Yeraşx) Ermənistana daxil olmazsa, bu, mənasızdır", - nazir bildirib.
Azərbaycan tərəfinin Naxçıvana marşrutu qəbul edərək Ermənistana başqa kommunikasiyalar təqdim etməyəcəyi ilə bağlı bəyanatları şərh edən Mirzoyan bildirib ki, layihə qarşılıqlı faydaya əsaslanır və bu, onun həyata keçirilməsinə zəmanət verir. O, həmçinin TRİPP marşrutu ilə tikiləcək dəmir yolunun idarəçiliyinin Cənubi Qafqaz Dəmir Yoluna (CQDY) verilməsi ehtimalına münasibət bildirib. Mirzoyan qeyd edib ki, mövcud və fəaliyyət göstərən dəmir yolu infrastrukturu Rusiya FTX-nin konsessiya idarəçiliyinə verilib, yeni dəmir yolu isə hələ mövcud deyil. “Ona görə də illər əvvəl bağlanmış konsessiya müqaviləsi ilə mövcud olmayan bir şey necə verilə bilər?”, Mirzoyan soruşub və əlavə edib ki, Ermənistan artıq bu məsələ ilə bağlı öz mövqeyini Rusiya tərəfinə çatdırıb.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri ABŞ-ın vasitəçiliyi ilə TRIPP nəqliyyat marşrutunun yaradılması haqqında bəyannamə imzalayıblar. Sənədə əsasən, marşrut Azərbaycanı Ermənistanın cənubundan keçməklə Naxçıvanla birləşdirəcək və Amerika konsorsiumu tərəfindən idarə olunacaq.
“Beynəlxalq ictimaiyyətin prioriteti faktiki sülh sazişinin imzalanması prosesi deyil, davamlı sülhə faktiki nail olmaqdır”. Bunu Mirzoyan parlamentin daimi komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlament üzvlərinin suallarını cavablandırarkən deyib. O, bu qənaətə avqustun 8-də Vaşinqtonda müvafiq sənədlərin imzalanmasından sonra xarici həmkarları ilə müzakirələrdən sonra gəlib. Nazir vurğulayıb ki, Azərbaycan tərəfinin sülh sazişinin bağlanması üçün irəli sürdüyü şərt Ermənistan üçün qəbuledilməz olaraq qalır. "Mən hamıya məlum olan bu nüansı istəmirəm və inkar edə də bilmərəm. Təklif olunan formada bu, bizim üçün qəbuledilməzdir. Üstəlik, həm sülhün, həm də mehriban qonşuluq münasibətlərinin institusionallaşması kontekstində. Bizim öz yanaşmalarımız var, indiki məqamda bu nüansı ətraflı açıqlamaq istəməzdim. Amma sənədin imzalanmaması, paraflanması onun əhəmiyyətini azaltmır”, - Mirzoyan qeyd edib.
Ermənistan “Tramp marşrutu” adlanan marşrutun həyata keçirilməsi üçün zəruri olan şirkətin yaradılması ilə bağlı texniki detalları dəqiqləşdirmək üçün Amerika tərəfi ilə sıx əlaqə saxlamağa davam edir. XİN başçısının sözlərinə görə, bu təmaslar avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdən dərhal sonra başlayıb. "Bu texniki həllər nə olursa olsun, hər şey əvvəllər razılaşdırılmış və imzalanmış prinsiplərə uyğun olacaq", - Mirzoyan bildirib.
Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının dönüş nöqtəsi olduğunu deyən Mirzoyan Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasını xüsusi olaraq qeyd edib: "Avqustun 8-də baş verənləri əminliklə, ondan əvvəl görülən işləri və ya bu istiqamətdə aparılan danışıqları azaltmadan dönüş nöqtəsi adlandıra bilərəm. Bütün bunlar son nəticədə avqustun 8-nə gətirib çıxardı və həmin gün Vaşinqtonda baş verənlər dönüş nöqtəsi və gələcək işimiz üçün təməl daşı oldu".
Türkiyə və Azərbaycan prezidentlərinin Ermənistana dəvət edilməsinin üçtərəfli normallaşma prosesindən qaynaqlandığını deyə bilərik. Son vaxtlar Türkiyə Ermənistanla əlaqələrin normallaşmasında maraqlı tərəf kimi çıxış edir. Sülh və nəqliyyat-kommunikasiyaların açılması regionda uzun müddətdir dayanan gərginliyi azalda bilər. İqtisadi, sosial əlaqələrin bərpası sülhün davamlılığına töhfə verə bilər. Erməni tərəfin “yolun açılması” təkliflərini birdə-birə səsləndirməsi region daxilində ticarət və tranzitin artması üçün imkan yaradır.
Açılan marşrutlar, nəqliyyat, tranzit, logistik şəbəkələr həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə və o cümlədən, potensial olaraq regionun digər ölkələri üçün əlavə gəlir və əməkdaşlıq imkanları yarada bilər. Bu, yeni bizneslər, investisiyalar, infrastruktur işləri üçün baza ola bilər. Sülh müqaviləsinin imzalanması (və ya onun yaxınlaşması) Ermənistan və Azərbaycan üçün beynəlxalq aləmdə imic baxımından vacibdir. Qlobal və regional aktorlarla, Avropa qurumları, Rusiya, Türkiyə, ABŞ-la yeni əməkdaşlıq formatları açıla bilər. Əgər nəqliyyat dəhlizləri, məsələn, Azərbaycanın Naxçıvanla əlaqəsi, Ermənistanın digər regionlarına çıxış açılarsa, bu “şəbəkə effekti” yarada bilər. Yəni bir yol açıldıqca digər yolların açılması da motivasiya edər.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB