XX Bakı Caz Festivalı çərçivəsində istedadlı gənc musiqiçilərin iştirakı ilə “I Am Jazzman” konserti keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ADA Universitetinin konsert zalındakı səhnədə Məhəmməd Allahverdiyev (piano), Mədinə Paşayeva (piano), Əli Nəsib (zərb alətləri), Ziya Əlişov (bas), Nicat Quliyev (piano), Orxan Quluzadə (piano), Lalə İsgəndərli (vokal), Savara Nəsib (vokal), Elton Saliyev (vokal) və digər musiqiçilər çıxış ediblər.
“I Am Jazzman” konserti ölkənin yeni nəsil caz musiqiçilərini təqdim edən ənənəvi kollektiv çıxışıdır. Konsertin iştirakçıları müxtəlif illərdə "I Am Jazzman” beynəlxalq müsabiqəsinin qalibləri və laureatları olmuş gənc musiqiçilərdir. Konsert 2006-cı ildən bəri gənc istedadların tanıdılması və dəstəklənməsi məqsədi ilə Bakı Caz Festivalı çərçivəsində keçirilir.
Festivalın direktoru Leyla Sultanova söhbətində gənc musiqiçilərə bu cür mötəbər tədbirdə çıxış etmək imkanı təqdim etməyin çox vacib olduğunu bildirib.
Həmin axşam Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Andreas W. Andersson Viaticum (İsveç) və David Linx Band (Belçika) çıxış ediblər. Teatrın foyesində, həmçinin rəssam Jazzamoartın (Meksika) “The Bop of Painting” adlı sərgisi də təşkil olunub.
Xatırladaq ki, XX Bakı Caz Festivalı oktyabrın 31-dək davam edəcək. Səkkiz gün ərzində Bakıda dünyanın ən yaxşı caz musiqiçiləri çıxış edirlər. Festivalın açıq məkanlardan tutmuş kamera salonlarına qədər olan meydançalarında konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri, seminarlar, tanınmış musiqi bloqçuları ilə görüşlər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB