Şəkidə şəhid gizir İbrahim Məmmədovun xatirəsi anılıb

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki Dövlət Dram Teatrının dəstəyi ilə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri “Canavar” ləqəbli İbrahim Məmmədova həsr olunmuş “Vətənin səssiz qəhrəmanı” adlı anım tədbiri keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Şəki-Zaqatala Regional Mədəniyyət və Təhsil idarələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri, idarə-təşkilat rəhbərləri, hərbçilər, qazilər, mədəniyyət və təhsil işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər İbrahim Məmmədovun igidliyindən, vətənpərvərliyindən, şəhidlik zirvəsinə ucalmasından, Azərbaycan Ordusunun və əsgərinin şücaətindən söz açıblar.

Tədbirdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi və Uşaq İncəsənət məktəblərinin müəllimlərdən ibarət ansamblının, solistlər Hakim Əkbərov, Sərxan Hüseynov və Namiq Aslanovun ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.

Qeyd edək ki, Hadrut və Füzulinin işğaldan azad olunmasını Müzəffər Ali Baş Komandan İlham Əliyevə məhz İbrahim Məmmədov məruzə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə