"İnsanlıq əleyhinə cinayətlər uğursuz oldu" - ŞƏRH EDİLDİ

"Bərdə terroru, onun kimi digər terror hadisələri — istər Gəncə, istərsə də Mingəçevirə və Xızıya hücum cəhdləri — əslində 44 günlük müharibədə ciddi itkilərlə məğlubiyyətə uğrayan işğalçı Ermənistanın Azərbaycanı qorxutmaq cəhdləri idi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Onlar düşünürdülər ki, dinc yaşayış məntəqələrini atəşə tutmaqla Azərbaycan xalqının qələbə əzmini sındıra biləcəklər, Azərbaycan dövlətini çəkindirə və müharibədən geri addım atmağa məcbur edəcəklər. Məqsəd o idi ki, insanlar arasında xaos, qorxu və ümidsizlik yaransın, cəbhədə əldə olunan uğurlar zəifləsin. Lakin bunun tam əksi baş verdi. Azərbaycan xalqı da, dövləti də, ordusu da öz möhkəm iradəsini bir daha nümayiş etdirdi və mübarizəni daha böyük qətiyyətlə davam etdirdi. Üstəlik, o ağır bombardmanlara məruz qalan, doğmalarını itirən, evləri dağılmış dinc sakinlər belə televiziya qarşısına çıxaraq bütün dünyaya səsləndilər: “Sizin bu insanlıq əleyhinə cinayətləriniz bizim xalqımızı qorxuda bilməyəcək!” Onların bu qəti mövqeyi həm cəbhədə döyüşən əsgərlərə, həm də bütün xalqa əlavə ruh yüksəkliyi verdi.

Həqiqətən də millət öz əzmini qorudu, sona qədər mübarizəsini apardı və sonda haqq qələbəsini qazandı. Ermənistan isə bu əməlləri ilə bir daha öz mahiyyətini dünyaya göstərdi — dinc əhali hədəfinə alınan hücumlar terror və vandalizmin açıq nümunəsi idi. Bu faktlar Azərbaycanın azadlıq mübarizəsinin nə qədər haqlı, milli və legitim olduğunu bir daha sübut etdi".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə