Hər birimiz bəzən özümüzə qarşı sərt oluruq, “daha yaxşı ola bilərdim” deyərək içimizdəki səslə mübarizə aparırıq. Bu səs bəzən sadəcə motivasiya qaynağı olur, bəzən isə həyatın hər anını gərginlik və narazılıqla dolduran görünməz bir yükə çevrilir. Mükəmməliyyətçilik, yəni hər şeyi ideal etməyə, qüsursuz görünməyə və səhvsiz yaşamağa çalışmaq çox vaxt sadəcə yüksək ambisiya kimi görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, onun dərin psixoloji və sosial nəticələri varv və bəzi hallarda isə bu, ciddi psixoloji yük, hətta xəstəlik səviyyəsində təzahür edə bilər.
Müasir dünya isə bu vəziyyəti daha da gücləndirir. Sosial media platformalarında hər kəs “mükəmməl həyat” nümayiş etdirir. Məktəb və iş mühitlərində performans təzyiqi artmaqdadır. İnsan, heç bir səhvə yol verməmək və daim ideal olmaq üçün ətrafın gözləntilərinə uyğunlaşmağa çalışarkən öz daxili tarazlığını itirir. Mükəmməliyyət arzusu ilə sağlamlıq arasındakı sərhəd çox incədir və onu tanımaq, həm fərdi, həm də sosial rifah üçün vacibdir.
Bu məqalədə mükəmməliyyətçiliyin psixoloji və sosial təzahürlərini, onun xəstəlik səviyyəsinə qədər necə irəliləyə biləcəyini və sağlam balansı qoruma yollarını araşdıracağıq. Məqsədim, oxucunun bu incə fərqləri anlamasına və öz həyatında sağlıqlı bir mükəmməllik anlayışı formalaşdırmasına kömək etməkdir.
Mükəmməliyyətçilik (perfectionism) psixologiyada uzun illərdir tədqiq edilən mövzulardan biridir. Əslində, hər kəsdə müəyyən dərəcədə mükəmməl olma arzusu mövcuddur. Fərq, bu arzusunun həyat keyfiyyətinə təsirindədir. Psixoloqlar mükəmməliyyətçiliyi əsasən iki kateqoriyaya bölür: adaptive (uyğunlaşan) və maladaptive (zərərli). Adaptive mükəmməliyyət insanı motivasiya edir, məqsəd qoymağa, planlı olmağa və özünü inkişaf etdirməyə yardımçı olur. Lakin maladaptive mükəmməliyyət insanı daimi narazılığa, özünü tənqid etməyə və hətta depressiyaya sürükləyə bilir (Flett & Hewitt, 2002).
Psixoloji araşdırmalar göstərir ki, mükəmməliyyətçilik təkcə davranışlarla deyil, həm də dərin emosional və zehni-davranışçı yanaşmalar təzahürlərlə müşayiət olunur. Misal üçün, belə insanlar hər zaman özlərini başqaları ilə müqayisə edir, uğursuzluqları şişirdilmiş şəkildə qəbul edir və kiçik səhvləri belə böyük bir problem kimi yaşayırlar. Bu tendensiya xüsusilə yeniyetmə və gənclər arasında artır, sosial media və rəqabətli mühit bu davranışları gücləndirir (Shafran & Mansell, 2001).
Mükəmməliyyətçilik həmçinin təxirə salma davranışı ilə bağlıdır. Maraqlıdır ki, çox vaxt insanlar öz işlərini vaxtında başa çatdırmaq istəmir, çünki nəticənin kifayət qədər “mükəmməl” olmamasından qorxurlar. Bu, əks-intuitiv görünə bilər, amma psixoloqlar bunu “mükəmməl olma qorxusu” (fear of imperfection) adlandırırlar və bunun nəticəsində stress və təşviş yüksəlir (Stoeber & Otto, 2006).
Əlavə olaraq, mükəmməliyyətçilik sağlamlıq və sosial münasibətlərə də təsir göstərir. İnsan özünü daim tənqid etdikcə və özündən yüksək standartlar gözlədikcə, yaxınları ilə empatiya qurmaqda çətinlik çəkir, təklik və izolyasiya riski artır. Eyni zamanda, bu insanlar tez-tez psixoloji və fiziki yorğunluq, baş ağrıları və yuxusuzluq kimi əlamətlərdən şikayət edirlər.
Beləliklə, mükəmməliyyətçilik təkcə fərdi xüsusiyyət deyil, həm də həyatın müxtəlif sahələrini təsir edən kompleks bir psixoloji fenomen olaraq ortaya çıxır. Onu başa düşmək, fərdi və sosial müdaxilələr üçün vacib bir başlanğıc nöqtəsidir.
Digər tərəfdən, mükəmməliyyətçilik yalnız fərdi psixologiyanın məhsulu deyil, dərin sosial və mədəni kontekstdə formalaşır. İnsan uşaqlıqdan etibarən ətraf mühitdən müxtəlif mesajlar alır: “Daha yaxşı olmalısan”, “Heç vaxt yetərincə yaxşı deyilsən” və ya “Uğur əldə etmək üçün səhv etməməlisən”. Bu mesajlar zamanla daxili tənqidçi rolunu oynayan bir səsə çevrilir və fərdi davranışlarda davamlı təzyiq yaradır (Hewitt & Flett, 1991).
Ailə və təhsil mühiti mükəmməliyyətçiliyin formalaşmasında ən erkən və güclü təsir edən amillərdəndir. Ailədə valideynlərin yüksək gözləntiləri, səhvlərə qarşı sərt münasibət və müqayisələr uşaqlarda “həmişə ən yaxşı olmalıyam” hissini gücləndirir. Eyni zamanda, məktəb mühiti də rəqabətçi standartlarla doludur: qiymətlər, mükəmməl sinif işləri, liderlik rolları və s. Bu təzyiq, xüsusilə akademik mükəmməlliyin ön plana çıxdığı mühitlərdə, uşaqların özünü qiymətləndirmə sistemini psixoloji cəhətdən zədələyə bilər.
Sosial media və populyar mədəniyyət isə mükəmməliyyətçiliyin müasir dövrdə ən güclü katalizatorlarından biridir. Instagram, TikTok və digər platformalarda insanlar yalnız uğurlarını, bədənlərini, həyat tərzlərini nümayiş etdirir, gerçək həyatın çətinlikləri və uğursuz anları isə nadir hallarda paylaşılır. Belə görüntülər, izləyicilərdə daxili müqayisə və qüsursuzluq tələbi yaradır, nəticədə anksiyete və narazılıq hissi artır (Fardouly et al., 2015).
Mükəmməliyyətçilik eyni zamanda iş mühiti və karyera mədəniyyəti ilə də sıx bağlıdır. Rəqabətçi korporativ mühitdə səhvlər qəbul edilmir, performans daim qiymətləndirilir və yüksəliş üçün maksimum nəticə tələb olunur. Bu təzyiq, işçilərdə həm motivasiya, həm də stress yaradır; bəzi hallarda isə uzun müddətli psixoloji və fiziki yorğunluğa səbəb olur (Stoeber & Rennert, 2008).
Əlavə olaraq, cəmiyyətin gender rolları və stereotipləri də mükəmməliyyətçiliyi gücləndirir. Məsələn, qadınlardan həm peşəkar, həm də ailə həyatında mükəmməl olmaları gözlənilir. Bu, çox vaxt psixoloji yükün artırılması və fərdi həyat keyfiyyətinin azalması ilə nəticələnir. Qadınlar həm iş, həm ev, həm də sosial media standartlarına uyğun olmağa çalışarkən özlərini daim tənqid edirlər.
Beləliklə, mükəmməliyyətçilik təkcə fərdin daxili psixologiyası ilə izah edilə bilməz, mədəni, sosial və iqtisadi kontekstin məhsuludur. Sosial və mədəni amillər fərdin davranışlarını, özünü qiymətləndirməsini və stress səviyyəsini formalaşdırır. Onu anlamaq üçün yalnız fərdi yanaşma kifayət deyil; həm də cəmiyyətin rolunu dərk etmək vacibdir.
Bəs çıxış yolları nədir? Sağlam mükəmməl olmaq mümkündür, lakin bunun üçün fərdlər və cəmiyyət aktiv rol almalıdır. Fərdi səviyyədə kognitiv-davranışçı yanaşmalar, özünü tənqid edən düşüncələri tanımaq və onları reallığa uyğun dəyişdirmək üçün effektivdir. Məqsəd qoyarkən balanslı olmaq, səhvləri öyrənmə fürsəti kimi qəbul etmək və özünü başqaları ilə müqayisə etməmək də önəmlidir. Sosial dəstək, yaxın insanlar və terapevt müdaxiləsi ilə emosional yükü azaltmaq mümkündür.
Cəmiyyət səviyyəsində isə media mesajlarının tənqidi, akademik və iş mühitində rəqabət təzyiqinin yumşaldılması, gender stereotiplərinin azaldılması və fərqli həyat tərzlərinin dəyərləndirilməsi vacibdir. İnsanlara səhvsiz yaşamaq deyil, balanslı və mənalı yaşamaq təklif edilməlidir.
Nəticə olaraq, mükəmməliyyətçilik həm fərdi, həm də sosial kontekstdə çox qatlı bir fenomen olaraq qalır. Onu başa düşmək, adaptiv formalarını təşviq etmək və zərərli aspektlərini azaltmaq yalnız fərdin psixoloji rifahı üçün deyil, cəmiyyətin sağlamlığı üçün də həyati əhəmiyyət daşıyır. Sağlam mükəmməl olmaq, xəstəlik səviyyəsinə çatmamaq, özünü tanımaq və daxili balansı qorumaq həm fərdin, həm də kollektiv rifahın qorunması deməkdir.
Nigar Şahverdiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB