Keçmiş Intel baş direktoru "Xristian" süni intellekt yaradır..?

Xristianlığı yaymaq üçün...

...SİA xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, Gloo şirkətinə qoşulan keçmiş Intel baş direktoru Patrik Qelsinqer xristian prinsiplərinə əsaslanan dini təşkilatlar üçün hazırlanmış süni intellekt yaratmağa başlayıb.

Qelsinqer ötən ilin sonlarında Intel şirkətindən ayrılıb və yazda Gloo şirkətinin direktorlar şurası və texnologiya şöbəsinin rəhbəri olub.

O, əsas missiyasını şirkətin xristian prinsiplərinin Silikon Vadisində, ABŞ Konqresində və digər yerlərdə yumşaq şəkildə təbliği olduğunu elan edib.

Qelsinqer nəşrə verdiyi açıqlamada bildirib ki, "Həyatdakı missiyam planetdəki hər bir insanın həyat keyfiyyətini yaxşılaşdıracaq və Məsihin qayıdışını sürətləndirəcək texnologiya üzərində işləmək olub".

Qelsinqer hesab edir ki, süni intellektin inkişafı "başqa bir Qutenberq anı" olacaq və bu, Reformasiya ilə eyni əhəmiyyətə malik olacaq.

Onun fikrincə, Martin Lüter çap maşını ilə "insan ixtirasının ən böyük dövrünü" başlatdığı kimi, indi də iman və süni intellekt vasitəsilə tarixin gedişatını dəyişdirmək üçün fürsət yaranır.

O, süni intellektdən "Kilsənin güclü təcəssümü və Kilsənin ifadəsi olacaq bir texnologiya" kimi istifadə etməyin vaxtı gəlib-gəlmədiyini düşünürdü.

Gloo "iman ekosistemi" inkişaf etdirir: biznes proseslərini, çatbotları və süni intellektlə işləyən köməkçiləri təşkil etmək üçün CRM sistemi...

Sistemlərinin çoxu mövcud böyük dil modelləri üzərində qurulub.

Gloo-ya görə, müştəriləri arasında 140.000-dən çox dini, kilsə və qeyri-kommersiya təşkilatı var.

Şimali Karolina Universitetində texnologiya və dini inancın kəsişməsini araşdıran alim Damien Uilliams The Guardian-a bildirib ki, Silikon Vadisində "çox səs-küylü, çox görünən və çox spesifik xristian yönümlü texnologiya mədəniyyəti" yayılır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə