Füzulidə Vətən müharibəsi şəhidlərinin anım günündə məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından söhbət açılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.
****
Qarayev Cavid Əmirxan oğlu 1984-cü ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Yeniyetmə çağlarından Vətənə bağlı olan Cavid İdman Akademiyasında təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Cavid 2016-cı il Aprel döyüşlərindən sonra müddətdən artıq xidmətçi olaraq Vətənin keşiyində dayanıb.
Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Cavid Qarayev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
****
Vəliyev Elmir Məmmədqulu oğlu 1986-cı ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbçi olaraq tankçı kimi Vətənin keşiyində dayanıb. Aprel döyüşlərinin də iştirakçısı olan Elmir tankçı kimi xüsusilə fərqlənib və fəxri fərmanlarla təltif edilib. Vətən müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilib və oktyabrın 27-də gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Elmir Vəliyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
****
Cəfərli Əli İsa oğlu 2001-ci ildə Füzuli rayonunda anadan olub. Əslən Dövlətyarlı kəndindən olan Əli və ailəsi məcburi köçkün kimi Füzuli rayonunun İkinci Zobucuq qəsəbəsində yaşayıb.
Əli Cəfərli Vətən müharibəsində iştirak edib və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilib, döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
****
Nəsirov Elmir Zülfü oğlu 1991-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya göz açıb. Hələ yeniyetmə çağlarından hərbçi olmaq arzusu ilə yaşayıb. 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb, daha sonra müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb. 2016-cı il Aprel döyüşlərində tankçı olaraq iştirak edib. Vətən müharibəsi zamanı Füzuli rayonunun Seyidəhmədli, Qorqan kəndləri istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmancasına döyüşərək şəhid olub. Elmir Nəsirov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB