"Əsas məsələ travmanı düşmən kimi deyil,.." - PSİXOLOQ FİKRİ

“İnsan həyatı boyunca müxtəlif çətinliklərlə qarşılaşa və bu hadisələr zamanla travmaya çevrilə bilər. Öz şəxsi travmaları ilə üzləşmək tamamilə normal və təbii bir prosesdir. Bəzən insan yaşadığı hadisələri dəyərləndirərək və təhlil edərək hansı travmaların ona təsir etdiyini özü müəyyənləşdirə bilir. Bu proses insanın daxili inkişafı və özü ilə üzləşməsi baxımından vacib olsa da, müəyyən hallarda düzgün yanaşma tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, travmalarla işləmək sanki bir müəllimdən dərs almağa bənzəyir: “Necə ki, müəllim bizə doğru olanı izah edir, psixoloq da travmalarla bağlı doğru analizlər apararaq insana istiqamət verir. Təəssüf ki, insanlar bəzən eşitdikləri və ya oxuduqları travma növlərini özləri ilə əlaqələndirərək yanlış nəticələrə gəlirlər. Bu zaman travmanın düzgün diaqnostikası aparılmadan, öz-özünə ad qoymaq kimi hallarla rastlaşılır və bu da müalicə prosesini yanlış istiqamətə yönəldə bilər.

Travmanın düzgün şəkildə dəyərləndirilməsi üçün ilk olaraq onun səbəbləri, insana nə öyrətdiyi və həmin travmanın qəbul olunub-olunmadığı müəyyənləşdirilməlidir. Travma ömür boyu insanın həyatında qala bilər, lakin əsas məqsəd onu tamamilə yox etmək deyil, onu qəbul edərək onunla yaşamağı öyrənməkdir. Əgər hər hansı bir hadisə insanı davamlı narahat edirsə və təkrar-təkrar ağıla gəlirsə, bu artıq travma sayılır. Psixoloqun əsas işi isə həmin düşüncənin beyində daim fırlanmasının qarşısını almaq, insanın onu daha az düşünməsini təmin etmək və ona bu yolda dəstək verməkdir.

İnsanın travması ilə hansı yaş dövründə qarşılaşdığı da əhəmiyyətlidir. Əgər bir insan hansısa bir yaş dövründə travmasını dərk edirsə, həmin dövrdə həm özünə olan güvəni artırmalı, həm də bu travmanı qəbul etməyə çalışmalıdır. Çünki hər bir insanın həyatında travmalar mövcuddur və əslində bu travmalar insanı zəiflətdiyi qədər də gücləndirə bilər. Əsas məsələ travmanı düşmən kimi deyil, bir öyrədici kimi qəbul etməyi bacarmaqdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə