Ölkədə rəqəmsal mediaya maraq niyə yoxdur? - EKSPERT AÇIQLADI

"Azərbaycanda rəqəmsal mediaya marağın xarici ölkələrlə müqayisədə aşağı olmasının bir neçə sosial, iqtisadi və mədəni səbəbi var". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Nicat Abdullayev bildirib.

Onun sözlərinə görə, birincisi informasiya istehlakı vərdişləridir: "Əhalinin böyük qismi informasiyanı ənənəvi mediadan, televiziyadan və sosial şəbəkələrdə paylaşılan qısa məlumatlardan almağa üstünlük verir. İnsanlarda “xəbəri oxumaq” vərdişi deyil, “xəbəri eşitmək və ya görmək” vərdişi formalaşıb. Özündə ictimai mahiyyət əks etdirdiyini iddia edən bəzi şou proqramlara marağın başlıca səbəbi də budur.

İkinci məsələ rəqəmsal media mədəniyyəti və savadlılığının aşağı səviyyədə olmasıdır. Rəqəmsal mediada etibarlı məlumatı dezinformasiyadan ayırmaq, fakt yoxlama bacarığı və keyfiyyətli analitik kontentə dəyər vermək kimi vərdişlər geniş yayılmayıb. Bu səbəbdən oxucu kontentə abunə olmaq və ya ödənişli platformalardan istifadə zərurətini ümumiyyətlə hiss etmir. Digər məsələ isə iqtisadi və psixoloji amillərdir. Xarici ölkələrdə informasiya istehlakı həm intellektual ehtiyac, həm də vətəndaş məsuliyyəti kimi qəbul olunur. Azərbaycanda isə təəssüflər olsun ki, insanlar xəbəri daha çox əyləncə və gündəlik informasiya vasitəsi kimi görürlər. Bu da keyfiyyətli jurnalistikaya maddi dəstəyin azalmasına səbəb olur. Əlbəttə ki, medianın etimad problemini də yaddan çıxarmaq olmaz. İstər ənənəvi, istər rəqəmsal media sahəsində etibarlılıq və şəffaflıq məsələləri cəmiyyətin bir hissəsində inamsızlıq yaradıb. Oxucu üçün “nəyə görə bu saytı oxumalıyam?” sualı hələ də açıq qalır.

Hesab edirəm ki, rəqəmsal mediaya marağın artması üçün cəmiyyətdə media savadlılığı, analitik düşüncə və keyfiyyətli xəbərin dəyərini anlama mədəniyyəti formalaşmalıdır. Son illər Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələr bu istiqamətdə təqdirəlayiq addım hesab olunmalıdır. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Formunda səsləndirdiyi fikirlər, qarşıda duran vəzifələrə dair işarə etdiyi istiqamətlərin bu sahədə daha fundamental addımlar atılmasını labüd edir. Biz informasiya təhlükəsizliyimizi təmin etmək üçün öncə vətəndaşda kefiyyətli, dəqiq informasiya oxumaq bacarığı formalaşdırmalıyıq.İnsan oxuduğu informasiyanın onu daha bilikli, daha məlumatlı və daha məsuliyyətli vətəndaşa çevirdiyini hiss etməlidir".

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə