"Böyük Qayıdış Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirir" - ŞƏRH EDİLDİ

"Böyük Qayıdış proqramı artıq təkcə bərpa və yenidənqurma mərhələsini deyil, strateji inkişaf və dayanıqlı məskunlaşma mərhələsini əhatə edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr - “ağıllı şəhər”, “ağıllı kənd” modelləri, müasir infrastrukturun yaradılması və iqtisadi zonaların formalaşdırılması Azərbaycanın bu torpaqlarda uzunmüddətli milli və regional maraqlarını təmin etməyə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, hazırda proses planlı şəkildə üç istiqamətdə aparılır - infrastrukturun tam bərpası, əhalinin mərhələli şəkildə geri dönüşü və iqtisadi fəaliyyətin canlandırılması. Bu istiqamətlər bir-birini tamamlayır və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda tamhüquqlu sosial-iqtisadi sistemin qurulmasına yönəlib: "Bütün bu tədbirlər Azərbaycanın regional liderlik mövqeyinə birbaşa təsir göstərir. Çünki ölkəmiz bu gün Cənubi Qafqazda sabitlik və inkişaf modelini nümayiş etdirir. Ermənistan uzun illər işğal siyasətinin fəsadlarını aradan qaldıra bilmədiyi halda, Azərbaycan azad edilmiş ərazilərdə qısa zamanda bərpa işlərini reallaşdıraraq regionun siyasi və iqtisadi dinamizminə təkan verir. Eyni zamanda Böyük Qayıdış proqramı Azərbaycanın beynəlxalq imicini də gücləndirir. Bu, dünyaya göstərir ki, Azərbaycan yalnız müharibə qalibi deyil, həm də sülh, bərpa və inkişaf qurucusudur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın strateji məqsədlərinə – dayanıqlı sülh, güclü dövlət və milli birliyin daha da möhkəmlənməsinə xidmət edir. Beləliklə, Böyük Qayıdış proqramı təkcə azad edilmiş ərazilərin dirçəlişi deyil, həm də Azərbaycanın gələcək onilliklərdə regional və beynəlxalq səviyyədə güc mərkəzi kimi mövqeyini möhkəmləndirən əsas strateji istiqamətdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə