Xocavənddə daha 30 ailəyə evlərinin açarları təqdim olunub - FOTOLAR

Bu gün növbəti köç karvanı ilə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatan 20, Sos kəndinə çatan 10 ailəyə evlərinin açarları təqdim olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, Qırmızı Bazar və Sos kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Qırmızı bazar qəsəbəsinə 20 ailə olmaqla 71 nəfər, Sos kəndinə isə 10 ailə olmaqla 42 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb. Bugünki köç də daxil olmaqla Qırmızı bazar qəsəbəsində 30 ailə olmaqla 110 nəfərin, Sos kəndində isə 20 ailə olmaqla 89 nədərin məskunlaşması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə