"Qarşılıqlı investisiya imkanları genişlənir və əməkdaşlıq daha da dərinləşir" - EKSPERT RƏYİ
"Ümumiyyətlə, Azərbaycanın digər türkdilli dövlətlərlə sıx əməkdaşlığı mövcuddur və bu əməkdaşlıq intensiv, müxtəlif səviyyəli təmaslarla, o cümlədən liderlər səviyyəsində aparılan görüşlərlə müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr də məhz bu ikitərəfli təmaslar nəticəsində əhəmiyyətli dərəcədə inkişaf edib və bu inkişaf kompleks xarakter daşıyır: "Yəni münasibətlər təkcə diplomatik-siyasi sahəni deyil, həmçinin humanitar və iqtisadi sahələri də əhatə edir. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi ticarət dövriyyəsinin ildən-ilə artması ümumi əməkdaşlığın güclənməsinə səbəb olur. Bununla yanaşı, Azərbaycanın Türk Dövlətləri Təşkilatının digər üzvləri, o cümlədən Qazaxıstanla yaxından əməkdaşlığı TDT-nin də möhkəmlənməsinə mühüm töhfə verir. Məhz bu təmaslar nəticəsində TDT daha təsirli regional təşkilata çevrilir və qlobal səviyyədə siyasi rolunu artırmaq potensialı əldə edir.
Müasir dövrdə dünyanın siyasi mənzərəsinin qeyri-sabit və dəyişkən olması fonunda bu, olduqca vacibdir. Artıq Azərbaycan digər strukturlardan asılı olmaqdan daha çox, öz gücünə və regional tərəfdaşlarına arxalanır. Bu isə həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından mühüm faktordur. Bununla yanaşı, Azərbaycan Mərkəzi Asiyada, Qazaxıstan isə Cənubi Qafqazda nüfuzunu artırır, qarşılıqlı investisiya imkanları genişlənir və əməkdaşlıq daha da dərinləşir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB