“Medianın siyasi proseslərə təsiri ictimai rəyin formalaşması ilə başlayır” - ŞƏRH EDİLDİ
"Medianın siyasi məsələlərdə rolu müasir cəmiyyətlərdə strateji əhəmiyyət daşıyan amillərdən biridir. Media yalnız məlumat ötürən vasitə deyil, eyni zamanda siyasi sistemin ayrılmaz hissəsi, ictimai rəyin formalaşmasının əsas platforması və siyasi aktorların davranışlarına təsir edən güclü mexanizmdir". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
Onun sözlərinə görə, medianın əsas funksiyası informasiya təminatıdır: "Vətəndaşlar siyasi qərarlar, dövlət siyasəti, hökumətin fəaliyyəti və beynəlxalq hadisələr barədə məlumatı məhz media vasitəsilə əldə edirlər. Bu baxımdan media ictimaiyyətlə dövlət arasında kommunikasiya körpüsü rolunu oynayır. Məlumatın operativ və düzgün çatdırılması cəmiyyətdə şəffaflığın və etimadın artırılmasına xüsusi təsir göstərir. Medianın ikinci mühüm rolu ictimai rəyin formalaşdırılmasıdır. Xüsusilə televiziyalar, xəbər portalları və sosial media platformaları insanların siyasi hadisələri necə qavramasına bilavasitə təsir edir. Jurnalistikanın təqdim etdiyi informasiya tonu, vurğulanan məqamlar və ekspert şərhləri cəmiyyətin siyasi davranış modelini dəyişə bilir. Bu baxımdan media seçim nümunələrinin, siyasi iştirakın və dövlətə münasibətin formalaşmasında həlledici aktordur. Media hansı mövzulara diqqət yetirirsə, hansı hadisələri önə çıxarırsa, cəmiyyət də həmin istiqamətləri prioritet kimi qəbul edir. Bu proses “gündəmqurma funksiyası” kimi tanınır və siyasi qərarvericilər üçün mühüm siqlal mənbəyinə çevrilir. Bəzən media diqqətinin artması hökuməti müəyyən addımlar atmağa, bəyanatlar verməyə və ya siyasət dəyişikliklərinə getməyə vadar edir.
Medianın digər rolu siyasi iştirakın artırılmasıdır. Müasir rəqəmsal media və sosial platformalar insanlara yalnız məlumat almaq yox, həm də fikir bildirmək, müzakirələrə qatılmaq və ictimai təşəbbüslərə dəstək vermək imkanı yaradır. Bu, demokratik proseslərin genişlənməsinə müsbət təsir edir. Eyni zamanda, media monitorinq və nəzarət funksiyası ilə siyasi sistemdə korrupsiyanın azaldılmasına, hesabatlılığın artmasına və ictimai nəzarətin güclənməsinə xidmət edir. Jurnalist araşdırmaları və analitik materiallar dövlət qurumlarını daha məsuliyyətli və şəffaf davranmağa sövq edir. Mediaya siyasi sistemin “dördüncü hakimiyyət” qolu demək təsadüfi deyil. Onun təsiri informasiya axınını idarə etmək, ictimai rəy yaratmaq, siyasi gündəm formalaşdırmaq və demokratik proseslərin inkişafını dəstəkləməkdən ibarətdir. Medianın peşəkarlığı, obyektivliyi və etik prinsiplərə sadiqliyi isə siyasi həyatın sağlamlığı üçün əsas şərtdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB