TDT-nin media və informasiya üzrə məsul nazirlərinin 7-ci toplantısı keçirilib - YENİLƏNİB
Noyabrın 28-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilib. SİA xəbər verir ki, toplantıda çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman son illərdə media sahəsində əməkdaşlığın getdikcə daha sistemli və institusional çərçivədə inkişafını qeyd edərək üzv dövlətlərin media qurumları arasında məzmun mübadiləsinin genişləndirilməsi, strateji kommunikasiya sahəsində koordinasiyalı fəaliyyətin gücləndirilməsi və dezinformasiyaya qarşı çevik müdafiə mexanizmlərinin formalaşdırılmasının Türk dünyası üçün əsas prioritetlərdən birinə çevrildiyini vurğulayıb. O, Təşkilatın bu əməkdaşlıq xəttini daha da dərinləşdirməkdə qərarlı olduğunu, xüsusilə informasiya təhlükəsizliyi və strateji kommunikasiya istiqamətlərində yeni təşəbbüslərin və birgə layihələrin icrasının nəzərdə tutulduğunu bildirib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, TDT-nin media və informasiya sahəsində əməkdaşlığı üzv ölkələri ortaq tarix, mədəni və dil birliyi ətrafında birləşdirən strateji platforma kimi xüsusi əhəmiyyət daşıyır. O, informasiya mübadiləsinin genişləndirilməsi, saxta xəbərlər və hibrid təhdidlərə qarşı birgə mübarizə, eləcə də ümumtürk informasiya məkanının daha dayanıqlı və koordinasiyalı şəkildə qurulmasının bu əməkdaşlığın əsas hədəflərindən olduğunu vurğulayaraq Azərbaycan tərəfinin qlobal media trendlərinin təhlili, media savadlılığının artırılması və strateji kommunikasiya üzrə birgə təşəbbüslərin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov bildirib ki, Türk dünyası ortaq tarixi, mədəniyyəti və digər sahələrdə irsi olan coğrafiyadır. Biz bu gün müştərək kontent və layihələrimizi həyata keçiririk. Ortaq proqramlarımız var ki, bu da bizim üçün konkret nəticələrin əldə edilməsi baxımından böyük fürsətdir. “Qazaxıstan xalqlarımızın və ölkələrimizin rifahına xidmət edən təşəbbüslərə açıqdır və təklifləri var. Biz sənədli film layihələrini, turizm, mədəniyyət və digər TV məzmunlarını hazırlamalıyıq. Bu istiqamətlərdə müəyyən işlər var, amma onları canlandırmaq lazımdır. Uşaqlar üçün ortaq mədəniyyət əsasında cizgi filmləri təqdim etməliyik. Bu, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Media sahəsində hansısa material yaradırıqsa, süni intellektdən elə istifadə etməliyik ki, yaradılan məlumatın etibarlılığı təmin olunsun”, - deyə nazir müavini vurğulayıb.
Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov diqqətə çatdırıb ki, bu gün TDT-yə üzv ölkələr müxtəlif sahələrdə geniş əməkdaşlıq edirlər. O deyib: “Bu əməkdaşlığın əsas aparıcı sütunlarından biri də informasiya və media sahəsidir. Çünki düzgün məlumatın vaxtında və etibarlı şəkildə təmin edilməsi, qarşılıqlı faydaya əsaslanan sağlam informasiya axınlarının yaradılması bizim üçün böyük əhəmiyyət kəsb edir”. Səfir vurğulayıb ki, rəqəmsal platformaların sürətlə inkişafında yeni çağırışlar və təhdidlər də ortaya çıxarır. Təhlükəsiz, şəffaf və ədalətli media mühiti yaratmaq bu təhdidlərin qarşısının alınmasına mühüm töhfə verir.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi isə bu toplantının yalnız bir iş platforması deyil, eyni zamanda, ortaq coğrafiyamızın kommunikasiya, media və informasiya sahəsində daha güclü birlik yaratması üçün strateji addım olduğunu deyib. O, həmçinin bildirib: “Hər bir üzv dövlətin media, informasiya və kommunikasiya sahəsində ortaq mövqeyə sahib olduğunu görürük. Türk dövlətlərinin təmsilçiləri olaraq yeni həll mexanizmlərini inkişaf etməyimiz üçün bu toplantını mühüm fürsət kimi qiymətləndiririk. TDT regional bir qurum olmaqdan çıxaraq qlobal bir aktor olma yolunda irəliləməkdə və nümunəvi əməkdaşlıq modelinə çevrilməkdədir. Bu yanaşma ilə Türk Dövlətləri Təşkilatının qlobal beynəlxalq aktora çevrilməsi, regional səviyyəni aşaraq dünya miqyasında bir çox məsələdə söz sahibi olması olduqca önəmlidir. UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Gününün elan edilməsi isə Türk dünyası üçün böyük bir qazanc olmaqla, türk dillərinin zənginliyini, dərin köklərə malik mədəni irsini və dünya sivilizasiyaları içindəki önəmli yerini bir daha göstərib”.
Özbəkistan Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov nəzərə çatdırıb ki, biz artıq media sahəsində gələcək əməkdaşlıq istiqamətlərini formalaşdırırıq. Hazırladığımız tədbirlər planının həyata keçirilməsi ilə bağlı müzakirələr davam edir və bu prosesdə üzv dövlətlərin fəal iştirakı böyük əhəmiyyət daşıyır. Peşəkarlıq səviyyəsinin artırılması, təcrübə mübadiləsi, ortaq məzmunun yaradılması və informasiya mühitinin gücləndirilməsi qarşıdakı əsas prioritetlərimizdir.
Tədbirdə, həmçinin TDT-nin müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu çıxış edərək bildirib ki, media və informasiya məsələləri abstrakt sahələr deyil. Media həm yaddaşımızı, həm kimliyimizi, həm də mübarizəmizi özündə ehtiva edən strateji bir alətdir. Ortaq media əməkdaşlığının gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən nazir bildirib: “Şimali Kipr TDT çərçivəsində yaradılan mexanizmlərə, eləcə də media sahəsində əməkdaşlığa hazırdır. Düşünürəm ki, bu addım Türk dünyasının həmrəyliyini gücləndirir və informasiya sahəsində daha balanslı, obyektiv mühitin formalaşmasına töhfə verir. Biz artıq rəqəmsal təbliğatın, manipulyativ məlumatların və dezinformasiyanın ciddi təhlükə yaratdığı bir dövrdə yaşayırıq. Bu səbəbdən peşəkar təlim proqramlarının keçirilməsi, jurnalistlərin, gənc kontent istehsalçılarının və media mütəxəssislərinin bacarıqlarının artırılması son dərəcə vacibdir. Ortaq fəaliyyətlərimiz Türk dünyasının media gücünü daha da artıracaq və səsimizin qlobal arenaya daha səmərəli şəkildə çıxmasına imkan verəcək”.
Toplantı çərçivəsində üzv dövlətlərin qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri nəzərdən keçirilib, Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 8-ci toplantısının və Media və informasiya üzrə işçi qrupunun 13-cü iclasının Qazaxıstanda keçirilməsi qərara alınıb.
Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısının sonunda Kommünike qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB