"Azərbaycan beynəlxalq media əməkdaşlığını gücləndirdi" - MÜNASİBƏT BİLDİRİLDİ

"D-8 ölkələrinin birinci media forumunun Azərbaycanda keçirilməsi çox mühüm hadisədir". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.

Onun sözlərinə görə, Azərbaycan ötən il D-8 təşkilatına üzv olub və qısa müddət ərzində Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsi, media forumunun Bakıda təşkili ölkəmizin qlobal çağırışlara verdiyi dəstək kimi qiymətləndirilə bilər: "Eyni zamanda, forum çərçivəsində müzakirə edilən mövzular bütün dünya üçün qlobal əhəmiyyət kəsb edən məsələlər idi. Xüsusilə dezinformasiyaya qarşı mübarizə, süni intellekt, saxta xəbərlər (fake news) və deepfake məlumatlara qarşı birgə mübarizənin təşkili bu baxımdan xüsusi önəm daşıyır. D-8 ölkələrinin bu sahədə birgə fəaliyyəti olduqca vacibdir. Bildiyiniz kimi, bu təşkilat 1 milyard 300 milyondan çox insanı birləşdirən bir qurumdur və İslam dünyasının ən böyük təşkilatlarından biridir.

Bu ölkələrin media qurumlarının və nümayəndələrinin Bakıda bir araya gəlməsi Azərbaycanın informasiya savaşında qazandığı uğurların göstəricisidir. Çünki həmin jurnalistlər bundan sonrakı fəaliyyətlərində Azərbaycanda gördüklərini öz yazılarında və çıxışlarında qeyd edəcəklər ki, bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasına töhfə verəcək.

Təşkilatın əsas məqsədlərindən biri üzv ölkələrdə ədalətli, obyektiv və qərəzsiz jurnalistikanın inkişafına dəstək vermək, saxta xəbərlərə və dezinformasiyaya qarşı mübarizə aparmaqdır. Xüsusilə süni intellekt sahəsində bu ölkələrin böyük potensialı var. Əgər birgə hərəkət etsək, dünya üçün təhlükə yaradan saxta məlumatlara qarşı effektiv mübarizə apara bilərik.

Növbəti forumların digər üzv ölkələrdə keçirilməsi də planlaşdırılır. Bu isə Azərbaycan jurnalistlərinin beynəlxalq arenada daha fəal iştirakı və Azərbaycan həqiqətlərinin daha geniş kütlələrə çatdırılması baxımından olduqca vacibdir.

Bu baxımdan, forumda müzakirə olunan mövzular çox əhəmiyyətli idi və əminəm ki, növbəti mərhələdə Azərbaycan jurnalistləri qlobal səviyyədə daha böyük işlər görə biləcəklər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə