İnfuluser jurnalistikanın ənənəvi jurnalistikaya təsiri varmı?! - MÜNASİBƏT BİLDİRİLDİ

“Müasir dövrdə sosial medianın inkişafı ilə informasiya istehsalçıları arasında yeni bir kateqoriya – influencerlər meydana çıxmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Hacıbəy Heydərli bildirib.

Onun sözlərinə görə, influencerləri jurnalist hesab etmək düzgün deyil. “Influencer” anlayışı hərfi mənada “təsir edən şəxs” mənasını verir və bu şəxslər əsasən müəyyən məhsulları reklam edən, ictimai rəyin formalaşmasında iştirak edən sosial media istifadəçiləridir. Dünyada bu fəaliyyət forması daha geniş yayılmış, Azərbaycanda isə influencerlərin jurnalistika ilə məşğul olması halları nisbətən az müşahidə olunur.

Azərbaycan reallığında influencerlik daha çox biznes fəaliyyəti kimi qəbul edilir. Xüsusilə qadın influencerlər müxtəlif məhsulları reklam edərək bu fəaliyyət vasitəsilə gəlir əldə edirlər. Belə hallar ölkədə kifayət qədər geniş yayılmışdır və artıq sosial şəbəkələrin ayrılmaz hissəsinə çevrilmişdir. Bununla belə, dünyada influencerlərin müəyyən sosial və ya tənqidi mövzularla bağlı fikirləri izləyicilər və cəmiyyət üzərində mühüm təsir yaradır. Bu mənada onlar media ilə müəyyən yaxınlığa malik olsalar da, jurnalist hesab edilə bilməzlər, çünki jurnalistika peşə etikasına və qanunvericiliklə müəyyən edilmiş prinsiplərə əsaslanır.

Azərbaycanda “jurnalist kimdir?” sualı artıq "Media haqqında" qanun ilə tənzimlənir və bu sahədə hər kəsin özünə jurnalist deməsi doğru sayılmır. Bəzi sosial media istifadəçiləri hazır xəbərləri paylaşaraq və ya oxuyaraq cəmiyyətə informasiya ötürürlər, lakin bu fəaliyyət yalnız məlumat ötürmək xarakteri daşıyır, peşəkar jurnalistikanın dəyərləri və prinsipləri ilə eyniləşdirilə bilməz.

Digər mühüm məqam isə influencerlik fəaliyyətinin media bazarına təsiri ilə bağlıdır. Son illərdə reklamvericilər ənənəvi mediadan daha çox influencerlərə üstünlük verməyə başlamışdır. Çünki onların milyonlarla izləyicisi var və paylaşdıqları kontent daha operativ şəkildə geniş auditoriyaya çatır. Statistik məlumatlara əsasən, Azərbaycanda influencerlərin əldə etdiyi reklam gəlirləri bir çox media subyektlərinin gəlirlərini dəfələrlə üstələyir. Lakin bu vəziyyət jurnalistikanın iqtisadi və etik əsaslarını zəiflədən amillərdən biri kimi dəyərləndirilir. Çünki jurnalist xəbər təqdim edərkən obyektivlik, balans, faktların yoxlanması kimi prinsiplərə əməl edir. Influencerlər isə məlumatı əsasən emosional və subyektiv formada təqdim edir, bu da onların fəaliyyətini jurnalistikadan fərqləndirən əsas cəhətlərdən biridir.

İinfluencerlik müasir media ekosistemində mühüm yer tutur və informasiya məkanının ayrılmaz parçasına çevrilib. Lakin influencer fəaliyyətinin jurnalistikanı əvəz etməsi mümkün deyil. Obyektiv, balanslı və ictimai məsuliyyətə əsaslanan informasiya mənbəyi kimi jurnalistikanın rolu hələ də əvəzolunmaz olaraq qalır”.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə