"İT sahəsində kadr çatışmazlığı problemdir" - TEXNOLOQ AÇIQLADI

"Azərbaycanda İT sektorunun inkişafı əlbəttə ki, mövcuddur. Məsələn, genişzolaqlı internet sahəsində son illərdə böyük işlər görülüb və əhəmiyyətli nailiyyətlər əldə olunub. İnternetin sürəti artıb və bu, beynəlxalq reytinqlərdə də əksini tapıb". Bu sözləri SİA-ya açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib.

Onun sözlərinə görə, bununla yanaşı, elektron hökumət sahəsində də davamlı inkişaf müşahidə olunur. Hazırda dörd əsas həyat hadisəsi üzrə xidmətlər tam elektronlaşdırılıb: "Vətəndaşlar şəxsiyyətlərini elektron formada təsdiqləməklə müxtəlif sənədləri onlayn şəkildə əldə edə bilirlər.

Amma problemlər də var. Qeyd olunmalıdır ki, İT sahəsində kadr çatışmazlığı ciddi problemdir. Yerli kadrlara tələbat böyükdür, amma səviyyə aşağı olduğuna görə daha ixtisaslı mütəxəssislər xaricdən daha yüksək maaşla cəlb olunmağa çalışılır. Bu da həm dövlət qurumlarının, həm də şirkətlərin xərclərini artırır.

Bu problemi həll etmək üçün universitetlərdə tədris proqramları (syllabus) təkmilləşdirilməli, müasir tələblərə cavab verən kadr hazırlığı həyata keçirilməlidir. Bu istiqamətdə müəyyən addımlar atılıb, Rəqəmsal İnkişaf Nazirliyi və Təhsil Nazirliyi bu sahədə əməkdaşlıq edir və nəticələrini yaxın illərdə görəcəyik.

Digər problem – İT məhsullarının ixracı zəifdir. Azərbaycanda İT məhsullarının ixrac həcmi qonşu ölkələrlə müqayisədə çox aşağıdır. Bu səbəbdən İT bizneslərinin gəlirləri də yüksək olmur, bu isə onların inkişafını məhdudlaşdırır. Dövlət bu sahəyə dəstək verir — məsələn, “Yüksək Texnologiyalar Parkı” rezidentlərinə 10 il müddətinə vergi güzəştləri tətbiq olunur. Bu, şirkətlərə 30–50% arası daha çox gəlir əldə etməyə imkan verir və həmin gəlirlər inkişaf üçün istifadə oluna bilər.

Başqa bir çətinlik – Azərbaycanın İT brendi beynəlxalq səviyyədə tanınmır. Bu istiqamətdə səfirliklərə də böyük məsuliyyət düşür. Onlar ya öz komandaları ilə, ya da əlavə texnoloji müşavirlər cəlb etməklə xarici ölkələrdə Azərbaycan İT brendinin tanıdılmasını təmin etməlidirlər. Azərbaycan şirkətlərinin yeni bazarlara çıxışı təşviq olunmalıdır.

Həmçinin, dövlət qurumları və özəl sektor birlikdə işləməlidirlər. İT məhsullarının ixracını artırmaq üçün birgə komissiya və ya işçi qruplar yaradılmalı, konkret strategiyalar hazırlanmalıdır.

Kadr axını da ciddi problemdir. Yüksək ixtisaslı mütəxəssislər xaricə gedirlər. Onsuz da İT sahəsində kadr azlığı var, bu axın vəziyyəti daha da çətinləşdirir. Halbuki İT sektoru əsasən insan kapitalına əsaslanır. Ona görə də bu sahədə mütəxəssislərin sayını artırmaq və onları ölkədə saxlamaq üçün tədbirlər görülməlidir.

Sonda isə, Azərbaycanda startap ekosistemi zəif inkişaf edib. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda dövlətin startaplara ayırdığı maliyyə vəsaiti dəfələrlə azdır. Əgər biz də milyard dollarlıq startaplar görmək istəyiriksə, bu sahəyə həm dövlət, həm də özəl sektor tərəfindən ciddi investisiyalar qoyulmalıdır. Təəssüf ki, binaların tikintisinə böyük pullar xərclənir, amma rəqəmsal məhsullara və innovasiyalara o qədər maraq göstərilmir. Bu sahədə təşviqlərin artırılması və investisiya cəlbi çox vacibdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə