Azərbaycan və Rumıniya arasında media əməkdaşlığı müzakirə olunub

Medianın İnkişafı Agentliyində (MEDİA) Azərbaycan və Rumıniya arasında media əməkdaşlığının genişləndirilməsi müzakirə olunub. SİA xəbər verir ki, görüşdə Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Görüşdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Rumıniya arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edib. Həmçinin media sahəsində tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

O, “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlər, habelə media savadlılığının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib, kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyini vurğulayıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual media sahəsində mövcud beynəlxalq əməkdaşlığı diqqətə çatdıraraq bu istiqamətdə təcrübə mübadiləsinin və ortaq layihələrin həyata keçirilməsinin zəruri olduğunu bildirib.

Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri Kristian-Auqustin Nikulesku-Tsıqırlaş tərəflər arasında təcrübə və resurs mübadiləsinin təşviqinin, eyni zamanda dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətlərində birgə təşəbbüslərin mühüm önəm daşıdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə