"İnternetdə baş verən problemlərin hamısını kiber hücuma bağlamaq olmaz" - AYDINLIQ GƏTİRİLDİ
"Dünən Azərbaycanda internetdə problem müşahidə olundu, amma bunun kiber hücumla heç bir əlaqəsi yoxdur". Bu sözləri SİA-ya açıqlamasında İnformasiya Texnologiyaları Sahəsi üzrə Ekspert Fərrux Rəcəbli deyib.
Fərrux Rəcəbli sözlərinə belə davam edib: "ümumiyyətlə, internetdə baş verən problemlərin hamısını kiber hücuma bağlamaq olmaz. Kiber hücum müəyyən saatlarda, günlərdə və ya tarixlərdə baş verən bir hadisə deyil. Hal-hazırda kiber hücumlar hər saniyə, hər dəqiqə dünyanın bütün ölkələrinə, o cümlədən Azərbaycana qarşı edilir.
Azərbaycanın kiber hücumlardan qorunması üçün peşəkar səviyyədə, çox güclü müdafiə sistemi mövcuddur. Bu sistem, xüsusilə II Qarabağ müharibəsindən sonra daha da gücləndirilib. Ona görə də dünənki problem hər hansı kiber hücumla bağlı deyildi.
Sadəcə olaraq, internet istifadəçilərinin sayı, istifadə həcmi və trafik artır. Bu da internet təminatçıları üçün müəyyən yüklənmə yaradır və nəticədə internetin verilməsində gecikmələr və problemlər baş verə bilər. Lakin bunlar qısa müddətdə aradan qaldırılır və təkmilləşdirmə işləri aparılır. Bu kimi texniki problemlər normaldır və kiber hücumla əlaqələndirilməməlidir.
Azərbaycan hər zaman kiber hücumlara qarşı hazırlıqlıdır. İkinci Qarabağ müharibəsindən sonra bu sahədə daha da ciddi tədbirlər görülüb. Hazırda ölkədə kiber hücumlara qarşı kifayət qədər müdafiə sistemi mövcuddur. Dövlət qurumları bu məsələyə ciddi yanaşır və bütün sektorlarda – təhsil, səhiyyə, bank və inşaat sahəsində – kiber təhlükəsizlik gücləndirilib.
Ona görə də düşünmürəm ki, bu gün Azərbaycanın kiber müdafiə sistemində hər hansı bir boşluq və ya problem olsun. Dünənki internet problemi də yalnız istifadəçi sayının və trafik həcminin artması ilə bağlı idi və bu, müvəqqəti bir haldır. Belə halların təkrarlanmaması üçün də təkmilləşdirmə işləri davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə