"Keyfiyyətlə yanaşı təhlükəsizlik də vacibdir" -TEXNOLOQ AÇIQLADI

"Elektron ticarət son illərdə biznes dünyasında həm imkanları, həm də riskləri bir arada gətirən böyük bir dönüş yaratdı". Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, əvvəllər yalnız fiziki mağazalarla məhdudlaşan satış imkanı, indi demək olar ki, dünyanın hər yerinə açılıb. Kiçik bir sahibkar belə, artıq məhsulunu onlayn platforma vasitəsilə həm Bakıda, həm də dünyanın o biri başında olan müştəriyə sata bilir: "Bu, biznesə həm daha geniş bazar, həm də gecə-gündüz fasiləsiz fəaliyyət imkanı verir.

Müsbət tərəfi odur ki, şirkətlər artıq bahalı kirayə xərclərinə, böyük anbarlara və iri satış komandasına həmişə ehtiyac duymur. Onlayn ödəniş sistemləri, sürətli çatdırılma xidməti və rəqəmsal reklam sayəsində həm satış, həm də müştəriyə çatmaq prosesi sürətlənir. Analitika alətləri isə hər klik, hər sifariş və hər baxışı təhlil edərək biznesə, hansı məhsulların daha çox satıldığını, müştərilərin nəyi sevdiyini anlamağa kömək edir.

Amma bu üstünlüklərlə yanaşı, elektron ticarətin öz problemləri mövcuddur. Belə ki, saxta onlayn mağazalar, ödəniş məlumatlarının oğurlanması, kiberhücumlar və çatdırılma gecikmələri, həm müştəri etimadını, həm də şirkətin reputasiyasını zədələyə bilər.

Ona görə də düşünürəm ki, biznesin uğuru təkcə məhsulun keyfiyyətinə deyil, həm də təhlükəsiz ödəniş sistemlərinə, müştəri məlumatlarının qorunmasına və şəffaf xidmətə bağlıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə