150 il tarix baxımından kiçik zaman kəsiyi kimi görünsə də, keçmişə nəzər saldıqda fəxrlə deyə bilərik ki, tarixin bütün mərhələlərində milli mətbuatımız öz vətənsevərliyini, milli adət-ənənələrimizə, dövlətçilik ideologiyasına və dünyəvi, mütərəqqi ideyalara sədaqətini inamla qoruyub və sınaqlardan uğurla çıxıb. Böyük inkişaf yolu keçmiş mətbuatımızın uğurlarından danışarkən bu sahədə çalışanların da əməyini xüsusi olaraq qeyd etməliyik.
Bildiyimiz kimi, “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşr olunduğu 1875-ci ilin 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü olaraq qeyd edilir. Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri olan təbiətşünas-alim Həsən bəy Zərdabinin naşiri, redaktoru və korrektoru olduğu bu qəzet Şərqdə və bütün Qafqazda böyük əks-səda doğurub. Qəzetin ərsəyə gəlməsində o dövrün ən mütərəqqi və maarifpərvər ziyalılarımızın da böyük xidmətləri olub. İlk addımlarını atan milli mətbuatımızın qarşısında duran ən vacib məsələ xalqımızın maarifləndirilməsi və savadlılığının artırılması idi. Rastlaşdığı bütün çətinliklərə baxmayaraq, dövrün maarifpərvər və vətənpərvər ziyalıları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələrək bizlərə gözəl ənənələrə söykənən yol qoyub, örnək olublar.
“Əkinçi” qəzeti çox uzun müddət fəaliyyət göstərə bilməsə də, tariximizdə və xalqımızın ictimai-siyasi həyatında layiqli iz qoyub 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görən “Əkinçi"nin nəşri, qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rol və nüfuzunun artmasından çəkinən çar Rusiyası tərəfindən dayandırılıb. Buna baxmayaraq, Azərbaycan milli mətbuatının formalaşması və inkişafında "Əkinçi" qəzeti mühüm rol oynayıb. 22 iyul tarixinin Milli Mətbuat Günü olaraq dövlət, ümumxalq bayramı kimi qeyd edilməsi də tarixi keçmişə, xalqımızın dövlətçilik, maarifçilik uğrunda mübarizəsinə hörmət və ehtiramın bariz nümunəsidir.
Mətbuatımızın inkişaf yoluna nəzər saldıqda, bir mülahizəni də oxucularımızla bölüşmək istərdik. Həmin dövrdə mövcud ictimai-siyasi vəziyyət və çarizmin qoyduğu qadağalar səbəbindən qəzetin adının "Əkinçi" olması siyasi təqiblər səbəbindən olsa da, bu gün onun adını həm də rəmzi olaraq düşünmək olar. Bütün çətinliklərə baxmayaraq, xalqımızın tanınmış ziyalılarının dərc etdirdiyi "Əkinçi" qəzetinin milli şüurumuzda, maarifçilik sahəsində mətbuatımızın təməli olaraq “əkdikləri” fidanlar artıq ulu çinarlara dönüb. Bu çinarın budaqları isə bu gün yenə də gözəl ənənələrə, tarixi varislik missiyasına sadiq qalaraq fəaliyyət göstərən çoxşaxəli milli mətbuatımızdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı Elçin İmanovun və ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılovun müəllifi olduqları “Əkinçi”nin “əkdiyi” fidanlar artıq ulu çinarlardır” adlı məqalədə bildirilib.
Məqaləni təqdim edirik:
İlk olaraq qeyd etmək istəyirik ki, mətbuatımızın yaranmasının 150 illiyi əlamətdar hadisələrlə zəngin bir ilə təsadüf etdiyindən bu möhtəşəm yubileyi ikiqat fərəh və qürur hissi ilə qeyd edirik. Əminik ki, milli mətbuatımızın möhtəşəm yubileyinin belə tarixi hadisələrin qeyd olunacağı ilə təsadüf etməsi hər kəsi Vətənimiz, xalqımız naminə daha da məsuliyyətlə fəaliyyət göstərərək nailiyyətlər qazanmağa sövq edəcək.
1998-ci il avqust ayının 6-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzuranın götürülməsi və sonrakı illərdə Prezident İlham Əliyevin qəbul etdiyi mütərəqqi qərarlar sayəsində ölkəmizdə söz və mətbuat azadlığı təmin edilir və bu proses mətbuatımızın daha da inkişafına böyük imkanlar yaradır.
Ulu Öndərin təməlini qoyduğu ordu quruculuğu siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 30 il Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqlarımızın azad olunmasını təmin etmiş müasir Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna, bölgədə sülhün, təhlükəsizliyin və əmin-amanlığın qarantına çevrilib.
Qürur hissi ilə qeyd etmək istərdik ki, mütərəqqi ideyalarla zəngin, Vətənə, xalqa bağlı peşəkar jurnalistlərin çalışdığı milli mətbuatımız daim respublikamızda baş verən mühüm tarixi, ictimai proseslərdə fəal iştirak edib, ordumuza dəstəyini nümayiş etdirib, dövlətimizin başçısının qətiyyətli siyasətinin prioritet istiqaməti olan ordu quruculuğu prosesinin işıqlandırılmasına böyük yer ayırıb.
Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində də qürur hissi ilə deyə bilərik ki, müasir dövrdə milli mətbuatımızın inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra mətbuatımız inkişaf tarixində də yeni mərhələyə qədəm qoydu.
Mətbuatın inkişaf edərək dünya informasiya məkanına inteqrasiyası prosesi ölkəmiz üçün ona görə önəmli idi ki, uzun illər ərzində erməni lobbisinin və onların nəzarətində olan bəzi mətbu orqanların canfəşanlığı və ölkəmizlə bağlı yaydığı qeyri-obyektiv məlumatlar sayəsində Azərbaycan informasiya blokadasında idi və haqq səsimizi dünyaya çatdırmaqda böyük çətinliklər yaranırdı. Ulu Öndərin qoyduğu təməllər üzərində Müzəffər Ali Baş Komandanın müasir dövrün tələblərinə uyğun davam etdirdiyi məqsədyönlü siyasət və uğurlu diplomatik gedişlər nəticəsində bu gün Azərbaycan dünyaya inteqrasiya prosesində böyük uğurlar qazanıb. Artıq ədalətli mövqeyimizi, haqq işimizi, eləcə də ölkəmizdə baş verən yeniliklərlə bağlı məlumatlarımızı bütün dünyaya asanlıqla bəyan edə bilirik.
Ötən illərə nəzər saldıqda deyə bilərik ki, Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə diqqət və qayğısı, eləcə də medianın inkişafına göstərdiyi dəstək Prezident İlham Əliyev tərəfindən də müasir dövrümüzün yenilikləri nəzərə alınmaqla uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı dünya praktikasında mövcud olan qabaqcıl təcrübəyə və hüquqi bazaya müvafiq olaraq yüksək səviyyədə təmin olunmaqdadır. Milli mətbuatımızda müasir innovasiyalar, yeni yanaşma metodları, rəqəmsal texnologiya və süni intellektin imkanları inamla tətbiq edilir.
Təsadüfi deyil ki, hazırda respublikamızda nəşr olunan çox sayda ənənəvi mətbuat nümunələri olan müxtəlif qəzet və jurnallar, televiziyalarla yanaşı, xəbər saytları, media holdinqlər, informasiya agentlikləri, internet televiziya kanalları və digər mətbuat subyektləri sərbəst şəkildə fəaliyyət göstərir və müstəqil, heç bir təzyiqə məruz qalmadan ölkədə və dünyada baş verən prosesləri xalqın və dövlətin maraqları naminə işıqlandırır, ordu mövzusuna daim diqqət yetirir. Mətbuat xəbərlərinin sosial media platformaları üzərindən yayımlanmasına geniş yer verilir.
Milli Mətbuat Gününün ölkəmizdə geniş qeyd olunması, 150 illik yubiley münasibətilə mətbuat nümayəndələrinin və ayrı-ayrı jurnalistlərin təltif edilməsi, media subyektlərinə yardımların göstərilməsi, imtiyazların təmin olunması, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər media və media mənsublarına göstərilən qayğının əyani göstəricisidir.
İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi, eləcə də postmüharibə dövründə həyata keçirilən uğurlu döyüş əməliyyatları zamanı vətənpərvər media nümayəndələri üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini və daim ordumuzun yanında olduğunu, dəstəyinin bir an belə əsirgəmədiyini də minnətdarlıq hissi ilə qeyd etmək istərdik.
Onu da qeyd etməyi özümüzə borc bilirik ki, 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə həyata keçirilən hərbi əməliyyatlar, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası naminə atılan addımlar haqqında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da mediamızın rolu və dövlətçilik naminə çalışan peşəkar jurnalistlərimizin fəaliyyəti də böyük oldu. Həmin dövrlərdə hamımız bunun şahidi olduq.
Məhz media mənsublarının dövlətçilik, ümumxalq mövqeyindən çıxış etməsi, nümayiş olunan peşəkarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə Vətən müharibəsi ilə bağlı, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun, operativ məlumatların çatdırılması mümkün oldu.
Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq azad edilmiş ərazilərimizə, eləcə də əlamətdar günlərdə hərbi hissələrə, həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə mediaturlar təşkil edilir. Media nümayəndələri də bu mediaturlarda fəal iştirak edir və ordumuzda aparılan islahatlar, əldə edilən uğurlar haqqında ictimaiyyət tərəfindən maraqla qarşılanan süjetlər, fotoreportajlar və məqalələr hazırlayırlar. Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq media subyektlərinin rəhbərləri, həmçinin mediaturlarda daha fəal iştirak edən, hərbi mövzuda yazan, gənclər arasında vətənpərvərliyin təbliğinə daha aktiv dəstək olan media nümayəndələri ilə görüşlər təşkil edilir, gələcək planların, eləcə də maraq doğuran bir sıra məsələlərin müzakirəsi həyata keçirilir, birgə fəaliyyət istiqamətləri barədə təklif və rəylər dinlənilir.
Qeyd edək ki, Azərbaycan Ordusunun işgüzar imicinin qorunub saxlanmasında və ordu quruculuğu prosesinin təbliğində, həmçinin hərbi xidmətin və hərbi təhsilin təşviqində media nümayəndələrinin gördüyü işlər əvəzsizdir. Uzun illər ərzində mətbuatımızın ordumuzla məhsuldar əməkdaşlığı, göstərdiyi dəstək hər zaman Azərbaycan əsgərinin, ordumuzun yanında olması şəxsi heyət tərəfindən təşəkkürlə qarşılanır və hərbi qulluqçularımız xalqın dəstəyini hiss edərək, Vətənə olan xidmətlərini daha böyük əzmlə, inamla davam etdirirlər. Bu istiqamətdə də mətbuatımızın fəaliyyəti təqdirəlayiqdir.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının müvafiq qanununa əsasən, Azərbaycan Ordusu Silahlı Qüvvələrimizin əsas tərkib hissəsidir və ölkəmizin silahlı müdafiəsinə birbaşa cavabdeh olan, eləcə də cəmiyyətimizin daim diqqət və qayğısı, təəssübkeşliyi ilə əhatə olunan hərbi strukturdur. Buna görə də Müzəffər Ali Baş Komandanın Sərəncam və tapşırıqlarına əsasən, respublikamızda həyata keçirilən hərbi vətənpərvərlik tərbiyəsi həm Müdafiə Nazirliyinin, həm də cəmiyyətimizin bütün strukturları üzərinə böyük vəzifələr qoyub.
Gənclərin vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə marağının artırılmasında milli mətbuatımız da fəal iştirak edir, ordu quruculuğu sahəsində həyata keçirilən proseslərin təbliğinə peşəkarlıqla yanaşmaq naminə səylə çalışır, mühüm töhfələr verir.
Müdafiə Nazirliyi vətənpərvərlik tərbiyəsində və xalq arasında hərbi xidmətin təşviqində iki istiqamət üzrə fəaliyyət göstərir.
Birinci istiqamət birbaşa media subyektləri, hərbi mövzuda yazan jurnalistlər, hərbi ekspertlər və qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Bu işin əhəmiyyətini, vacibliyini nəzərə alan Müdafiə Nazirliyi mediaturlarda jurnalistlərin, hərbi ekspertlər və QHT nümayəndələrinin maksimum iştirakını təmin etmək məqsədilə səmərəli əməkdaşlıq naminə bütün imkanları yaradır.
İkinci istiqamət isə Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən media aidiyyəti idarə və müəssisələr vasitəsilə həyata keçirilir. Həyata keçirilən ştat-struktur dəyişiklikləri nəticəsində Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaranıb. Nazirliyin rəsmi saytı və sosial media platformaları, onlayn müraciət strukturları bu yeni yaranmış idarənin tabeliyində fəaliyyət göstərir.
Nazirliyin mətbu orqanı olan “Azərbaycan Ordusu” qəzeti uzun illərdir ki, ordu quruculuğu prosesinin təbliğində fəal iştirak edir. 1992-ci il fevral ayının 11-də çap olunmağa başlayan bu mətbu orqanı Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə qorunub saxlanılmasında rolu böyükdür.
Eyni zamanda, nazirliyin sosial şəbəkə hesabları üzərindən də təbliğat-təşviqat işləri uğurla həyata keçirilir. Videoçarxlar, dövrün tələblərinə və izləyicilərin maraqlarına uyğun posterlər paylaşılır, zamanın tələblərinə uyğun yeni metodlar tətbiq edilir, innovasiyalar, neyroşəbəkə və süni intellekt imkanlarından səmərəli istifadə olunur. Bütün bu proseslər müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin “Kommunikasiya Strategiyası”nın tələblərinə uyğun həyata keçirilir. Nazirliyin “Kommunikasiya Strategiyası”nda vətəndaş-dövlət əlaqələrinin daha da inkişaf etdirilməsi, ictimai məmnunluğunun yüksəldilməsi, eyni zamanda, ordumuz haqqında düzgün ictimai informasiya fonunun yaradılması ilə bağlı konkret istiqamətlər göstərilib, fəaliyyətlər öz əksini tapıb. Azərbaycan Ordusunun daxili auditoriyada və beynəlxalq miqyasda nüfuzunun artırılması, işgüzar imicinin qorunması və hərbi xidmətin təşviq işinin dövrün tələbləri nəzərə alınmaqla təşkil olunması “Kommunikasiya Strategiyası”nda vəzifə olaraq qarşıya qoyulub. Həmçinin ordumuzla bağlı düzgün, operativ məlumatların paylaşılması, sosial media sahəsində işlərin təşkili, həyata keçirilməsi, ictimaiyyətlə kommunikasiyanın yaradılması, daxili və digər dövlət qurumları ilə operativ əlaqələrin qurulması, eləcə də ölkəmizdə müdafiə sahəsində həyata keçirilən tədbirlərin, ordumuzda aparılan islahatların, əldə edilən uğurların, tətbiq edilən yeniliklərin təbliği ilə bağlı tədbirlərin icrası da bu strategiyaya da doktrinal yanaşma olaraq təsbit edilib.
Qeyd etməliyik ki, son bir neçə il ərzində Müdafiə Nazirliyi tərəfindən mətbuat və ictimaiyyətlə kommunikasiyanın səmərəliliyinin artırılması ilə bağlı böyük işlər görülüb, ordumuza aid paylaşılan məlumatların sayı artıb, media nümayəndələri ilə əlaqələr və birgə layihələr xeyli intensivləşib.
Hesab edirik ki, media əməkdaşlarının da yaxın iştirakı və dəstəyi ilə “Kommunikasiya Strategiyası”ndan irəli gələn vəzifələrin səmərəli icrası ölkəmizin maraqlarına xidmət edəcək, dövlətimizin, həyata keçirdiyi müasir ordu quruculuğu prosesi ilə bağlı maraqlı məlumatların dərc edilməsinə müsbət təsir göstərəcək.
Sonda milli mətbuatımızın yaranmasının 150 illik yubileyi münasibətilə bütün həmkarlarımızı təbrik edir, daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, "Əkinçi" qəzetinin qoyduğu mütərəqqi ənənələrə sadiq qalan mətbuatımız xalqımızın və dövlətimizin uğurlu gələcəyi naminə bundan sonra da əzmlə çalışacaq, qalib Azərbaycan Ordusuna, əsgərinə dəstəyini əsirgəməyəcək və ordu quruculuğu prosesinin təbliğində hər zaman olduğu kimi, gələcəkdə də fəal iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə