Bu gün 22 İyul Milli Mətbuat Günü münasibətilə "Səs" qəzetinin redaksiyasında tədbir keçirilib. SİA-nın məlumatına görə, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev kollektivi təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.
Baş redaktor 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzetinin yaranması ilə Azərbaycan milli mətbuatının əsasının qoyulduğunu bildirib. Qeyd edib ki, milli mətbuatımızın yaranması və onun keçmiş olduğu şərəfli və tarixi yol Azərbaycan mətbuatının bu günü və gələcəyi üçün böyük örnəkdir: "İntibah dövrünün əsas atributu sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynayıb. Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb. Məhz ölkəmiz ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı. Elə bu məqsədlə də Ulu öndərimiz Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurularaq, sonradan ləğv edilməsi ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafının və gələcək perspektivini təmin edib.
Eyni zamanda, Ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı davam edir. Mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi və qəzet redaksiyalarının texniki təchizatının təmin edilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin birbaşa səyi nəticəsində KİV-lərə birdəfəlik yardımların edilməsi, Milli Mətbuatın 150 illik yubileyinin qeyd olunması barədə Sərəncamı, mətbuat nümayəndələrinə fəxri adların verilməsi, qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi, jurnalistlərin soial şəraitinin yaxşılaşdırılması ilə bağlı verilmiş sərəncamlar media nümayəndələri və ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Məhz bu amillər də ölkəmizdə mətbuatın imkanlarını daha da genişləndirəcəkdir. Ona görə də, bu gün Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoymaqdadır".
Bəhruz Quliyev "Səs" qəzetinin bu illər ərzində qazandığı uğurlar haqqında da danışıb. Bildirilib ki, "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində xüsusi yerə malikdir: ""Səs" qəzeti 1991-ci ilin yanvarından öz oxucularının ixtiyarına verilib. Həmin dövrlərdə Azərbaycanda müstəqil sözə, azad fikrə böyük ehtiyac var idi və bunları söyləmək təhlükəli idi. O dövrdə ölkəmizdə mətbuat anlayışının yalnız SSRİ ideologiyası çərçivəsində məhdudlaşdığını nəzərə alsaq, "Səs" qəzetinin üzərinə götürdüyü missiyanın ağırlığı günümüzün reallığında hər kəs üçün aydın olar. Qəzetin tarixində ən mühüm hadisə Ulu öndər Heydər Əliyevin Azərbaycan ziyalıları ilə "Səs" qəzeti vasitəsi ilə yazışması olub.
1992-ci il oktyabrın 16-da "91" ziyalının Ulu öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Heydər Əliyevin ziyalıların müraciətinə cavabı məhz "Səs" qəzetində dərc edildi. Bu cəsarətli, xalqımızın, dövlətimizin xilası üçün atılmış addım Azərbaycan tarixində əhəmiyyətli rola malik oldu.
Xüsusilə qeyd etmək istəyirəm ki, 2025-ci il SƏS Media Qrupunun həyatında daha maraqlı və uğurlu oldu. Belə ki, 2025-ci ilin iyul ayının 22-də Azərbaycan Milli Mətbuatımızın yaranmasının 150-ci ildönümündə cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla SƏS Media Qrupunun 3 əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Tərəqqi” medalı və Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adı ilə mükafatlandırılıb.
Sonda kollektivin digər üzvləri də çıxış edərək SƏS Media Qrupu ilə əməkdaşlıq etdiklərinə görə xoş arzularını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə